...

Türkiyə Parlamenti Ankara-Yerevan protokolunu təsdiq etməyəcək - türkiyəli millət vəkili

Siyasət Materials 28 Sentyabr 2009 17:36 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin deputatı hesab edir ki, Türkiyə Parlamenti Ankara - Yerevan protokolunu təsdiq etməyəcək.
Türkiyə Parlamenti Ankara-Yerevan protokolunu təsdiq etməyəcək - türkiyəli millət vəkili

Bakı, Azərbaycan, 28 sentyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, Türkiyə Parlamenti Ankara - Yerevan protokolunu təsdiq etməyəcək.

"Türkiyə Parlamenti İsveçrənin vasitəçiliyi ilə imzalanan Ankara-Yerevan protokolunu təsdiq etməyəcək", - bazar ertəsi Trend -a Ankaradan telefonla Türkiyənin sabiq dövlət naziri, hazırda müxalif Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Rəşad Doğru bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

"Hesab edirəm ki, Türkiyəni Baş naziri Azərbaycana verdiyi sözün üstündə duracaq və Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Oktyabrın 11-dək isə Ermənistanın işğal etdiyi ərazilərdən çıxacağı inandırıcı deyil", - deyə Doğru bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin XİN rəhbəri Əhməd Davudoğlu ilə Azərbaycana səfəri zamanı Azərbaycan hökumətinə Dağlıq Qarabağ problemi həll olunmayanadək Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bildirib.

Doğrunun sözlərinə görə, protokolun imzalanması Azərbaycan və Türkiyənin maraqlarına ziddir.

"Əgər AKP hökuməti belə bir addım atarsa, türk xalqına bu böyük siyasi səhvin hesabını verməli olacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti