Fransa, Strasburq, 30 sentyabr / Trend , müxbir A.Məhərrəmli/
Türkiyə Azərbaycanı məyus edəcək addım atmayacaq, bu barədə çərşənbə günü Trend -a eksklüziv müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin başçısı Mevlud Çavuşoğlu Türkiyə və Ermənistan parlamentlərinin "Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol"unu təsdiqləməsi məsələsinə şərh verərkən bildirib.
"Türkiyə və Ermənistan arasında adıçəkilən protokollar hər iki ölkənin parlamentindən keçə bilər. Sübhəsiz ki, burada çox mürəkkəb və ciddi müzakirələr ola bilər, lakin bu müqavilələrin keçməsi istisna deyil. Belə ki, həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycanda bununla əlaqədar olaraq ciddi məsələlər və reaksiyalar ortaya çıxır. Azərbaycanda çox yaxşı bilirlər ki, bu ölkəni məyus edəcək heç bir addım atmayacağıq. Bu protokola gəldikdə isə hər zaman qeyd etmişəm ki, bugünə kimi biz tərəfdən atılan addımlardan daha çox Azərbaycan və Ermənistan xeyir götürəcək. Ermənistan bizim, Azərbaycanın dostu olarsa, (işğal olunmuş) torpaqlardan çıxarsa və Dağlıq Qarabağ münaqişəsinin həlllini taparsa bundan fayda qazanar. Təbii ki, Ermənistanı işğal olunmuş ərazilərdən çıxarmaq, Dağlıq Qarabağ münaqişəsini həll etmək Azərbaycanın xeyrinədir. Bu məsələdə biz Azərbaycanın maraqlarını müdafiə edirik və gələcəkdə də edəcəyik", - Çavuşoğlu bildirib.
O qeyd edib ki, sözügedən sənədlərdə Ermənistanda daxili ab-havanı gərginləşdirməmək üçün sərhədlərin pozulmazlığı bərədə xatırlanmır.
"Sənədləri diqqətlə oxusaq, onlarda Azərbaycanın, onun işğal olunmuş torpaqlarının, Dağlıq Qarabağın iştirak etdiyini görərik. Bu müqavilələrdə Azərbaycan kənarda qalmır. Bunu Türkiyə və Azərbaycanın rəsmi nümayəndələri də bilirlər. Bu məsələdə bizim Azərbaycan ilə müəyyən strategiyamız var. Biz onu tətbiq edəcəyik. Təbii ki, burada da müzakirə edirik. Biz istəyirik ki, bu məsələ bütün tərəflərin xeyrinə olsun. Azərbaycanın hüquqlarını müdafiə etmək bizim borcumuzdur", - o bildirib.