Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir M.Əliyev/
ATƏT Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə layihələr həyata keçirmək niyyətindədir.
"Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razıyam və bundan sonra da birgə layihələr həyata keçirmək niyyətindəyik", - Trend -un məlumatına görə, cümə axşamı MSK sədri Məzahir Pənahovla görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel bildirib.
Oktyabrın 1-də ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.
Səfir deyib ki, ATƏT-in Bakı ofisi müşahidəçilərin, komissiya üzvlərinin, icra hakimiyyəti nümayəndələrinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı MSK ilə birgə fəaliyyət göstərmək istəyir.
Qonaqları salamlayan MSK-nın sədri Pənahov qeyd edib ki, komissiya nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və ATƏT bu qurumlar sırasında önəmli yerdə dayanır. Bu günə kimi Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələr həyata keçirilib və bu tədbirlər seçki subyektlərinin maarifləndirilməsində əhəmiyyətli rol oynayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]