Azərbaycan, Bakı, 13 oktyabr /Trend New, müxbir Ü.Sadıxova/
Misir istər Azərbaycanda, istər Qüdsdə, istərsə də digər yerlərdə olan abidələrin dağıdılmasını pisləyir, belə ki, Qahirə bəşər sivilizasiyasının mədəni irsinin qorunması prinsiplərinə sadiq qalır, bu barədə Trend -a çərşənbə axşamı Bakıda Misir Milli Kitabxanası və Arxivinin rəhbəri Məhəmməd Səbr Ərəb bildirib.
"Mədəni tarixi abidələr bütün bəşəriyyətin irsidir, onlar hücum obyekti olduqda buna təcavüzkarlıq kimi baxmaq lazımdır", - Səbr Ərəb bildirib.
Onun sözlərinə əsasən, Misirdə Azərbaycan mədəniyyəti, ölkənin islamın mədəni dəyərlərinin inkişafındakı rolu hamıya məlumdur. "Biz bu ölkənin bəşəriyyətə nə verdiyini çox yaxşı bilirik", - Səbr Ərəb bildirib.
Azərbaycanın işğal olmuş torpaqlarında ümumilikdə 689 abidə var ki, onların da 13-ü (altı arxitektura və yeddisi arxeoloji) beynəlxalq əhəmiyyət daşıyır, 242-si (117 arxitektura və yeddisi arxeoloji) dövlət və 434-ü (373 arxitektura və 23 arxeoloji abidə, 21 bağ, park, monumental abidə, 17 tətbiqi incəsənət nümunələri) yerli əhəmiyyət daşıyır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məhəmməd Səbr Ərəb oktyabrın 13-15-də Bakıda keçirilən İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Misir nümayəndə heyətinə başçılıq edir.