...

Azərbaycan Prezidenti və İsveçrə Konfederasiyasının Prezidenti geniş tərkibdə danışıqlar keçiriblər

Siyasət Materials 19 Oktyabr 2009 23:33 (UTC +04:00)
Oktyabrın 19-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Prezidenti və İsveçrə Konfederasiyasının Prezidenti geniş tərkibdə danışıqlar keçiriblər

Oktyabrın 19-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Hans-Rudolf Merts bildirdi ki, həm dövlət başçıları səviyyəsində, həm də digər səviyyələrdə intensiv əlaqələrimiz vardır. Parlamentlərarası qruplar əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətinə toxunan Hans-Rudolf Merts dedi ki, bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran İsveçrə Prezidenti bildirdi ki, energetika sahəsində əməkdaşlığımız genişlənir, qeyri-enerji sektorunda da layihələrimiz vardır. İsveçrə dövlətinin başçısı alternativ enerji sahəsində də əməkdaşlığın inkişafının əhəmiyyətinə toxundu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, onun İsveçrəyə rəsmi səfəri əlaqələrimizin genişlənməsinə xidmət edir.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini, bu sahədə geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev güclü siyasi əlaqələrimizin mövcudluğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi ki, enerji sahəsində əməkdaşlığımız uğurla gedir, qeyri-enerji sahəsində yaxşı imkanlar vardır və bunu inkişaf etdirmək lazımdır.

Prezident İlham Əliyev İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli və regional məsələlərlə bağlı siyasi məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə toxundu.

Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti