Azərbaycanın Ağdaş rayonunda polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Eldar Əfəndiyev cümə günü Trend -a bildirib ki, axtarışda olan 52 yaşlı Rüzman Hüseynov bu gün gecə saatlarında keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməliyyatçılarına müqavimət göstərdiyi üçün öldürülüb.
Əməliyyatçılar Hüseynovun evinin yaxınlığındakı qamışlıqda olduğunu müəyyən edib və onun həbsi üçün əməliyyat keçiriblər. Əməliyyatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının helikopterlərindən də istifadə olunub.
Oktyabrın 18-də saat 15.00 radələrində Cinayət Məcəlləsinin oğurluq (177.2.1, 177.2.2, 177.2.4) maddəsi ilə axtarışda olan Ağdaş rayon sakini Hüseynovun zərərsizləşdirilməsi üçün rayonun hüquq-mühafizə orqanları əməliyyat keçirilib.
Əməliyyat zamanı Hüseynov polisə silahlı müqavimət göstərib. O, hadisə yerindən qaçaraq Ağdaş rayon Kotavan kəndinin keçmiş icra nümayəndəsi Baxşəli Seyfəlovu evində silahla qətlə yetirib, digər kənd sakini 37 yaşlı Famil Əhmədovu isə yaralayıb.
Faktla bağlı CM-in qəsdən adamöldürməyə cəhd (29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci), qəsdən adam öldürmə (120.2.10), qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.
Cinayət İşinin İstintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır.