Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir T.Konyayeva/
İran əleyhinə yönəldilmiş iqtisadi sanksiya haqqında qanun layihəsi yəqin ki, ABŞ Senatı tərəfindən qəbul ediləcək. Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski belə hesab edir.
"Qanun layihəsinin qəbulolunma ehtimalı yüksəkdir", - Satanovski Trend -a elektron poçtla deyib.
Ekspert hesab edir ki, Prezident Mahmud Əhmədinejadın uranın xaricdə zənginləşdirilməsi məsələsinə müsbət cavab verməsi "İran əleyhinə sanksiyaların qarşısının alınması ilə bağlıdır".
Cümə axşamı ABŞ Senatının Bank Komitəsi nüvə fəaliyyəti ilə əlaqədar olaraq İran əleyhinə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini səsverməyə qoyacaq. Sanksiya İrana neft məhsulları daşıyan, həmçinin bu ölkədə neft və qaz boru kəmərləri tikən və İran neftinin nəqli üçün ölkəyə tankerlər təqdim edən şirkətlərə də şamil olunacaq. Qanun layihəsinə əsasən, ABŞ hökumətinə İranın enerji sektorunda fəal iştirak edən xarici şirkətlərin məhsullarını almaq qadağan olunacaq.
Daha əvvəl amerikalı konqresmen Mark Kirk Trend -a demişdi ki, yeni qanun layihəsi ölkə rəhbərləri və Amerika boyu yerli rəhbərlərin İranla əməkdaşlıqdan imtina etməsi üçün xəbərdarlıq siqnalı olacaq.
Amma Satanovski xarici şirkətlərə qarşı tətbiq olunan sanksiyaların İranla münasibətdə Çin kimi ölkələrin siyasətinə təsir edəcəyinə inanmır.
Çin bu günə qədər BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İrana qarşı yeni ölçülərin götürülməsinə qarşı çıxıb. Bundan başqa, sentyabrdan Çin şirkətləri İrana benzin ixracını bərpa ediblər. ABŞ və bir sıra Qərb ölkələri bu nəqli məhdudlaşdırmaq niyyətindədirlər.
"Çinlə problem olmayacaq. Çin Xalq Respublikası sanksiyaların tətbiq olunub-olunmamasından asılı olmayaraq, ölkə rəhbərliyinin vacib hesab etdiyini yerinə yetirəcək. Çinlə heç kim mübahisə etməyəcək ki", - ekspert deyib.
Satanovski hesab edir ki, ABŞ ilə İran münasibətlərinə gəldikdə isə, hər bir halda bundan da pis olmayacaq. Belə ki, "Şərqdə yalnız güc təzyiqinə hörmət edirlər, İran da Şərq ölkəsidir".
ABŞ və bir sıra digər qərb dövlətləri İranı nüvə silahı hazırlamaqda ittiham edirlər. İran nüvə proqramını dayandırmayacağı təqdirdə, bir sıra Qərb ölkələrinin İrana qarşı enerji sanksiyaları tətbiq edəcəkləri istisna olunmur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]