Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin yaz sessiyasının ilk iclası fevralın birində başlayacaq.
"Milli Məclisin 2010-cu il yaz sessiyasının ilk iclası fevralın1-də keçiriləcək", - Trend -un məlumatına görə, cümə günü keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Təvəkküloğlunun sözlərinə görə, sessiyanın ilk iclasında parlamentin İntizam komissiyasının yenidən təşkil edilməsi ilə bağlı məsələyə baxılacaq. "Bundan başqa, iclasda Azərbaycan və Qazaxıstan hökumətləri arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında saziş təsdiqlənəcək", - o əlavə edib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, yaz sessiyasının ilk iclasında "Polis haqqında" qanuna dəyişiklik layihəsi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə layihələr də müzakirəyə çıxarılacaq. "Bu iclasda Milli Məclisin Hesablayıcı komissiyası da yenidən təşkil ediləcək", -Təvəkküloğlu vurğulayıb.