...

Azərbaycan və Rusiya sərhədində keçirilən əməliyyatlar zamanı axtarışda olan 16 nəfər tutulub - DİN

Siyasət Materials 15 Aprel 2010 16:58 (UTC +04:00)
Tədbirlər zamanı Rusiyanın daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb.
Azərbaycan və Rusiya sərhədində keçirilən əməliyyatlar zamanı axtarışda olan 16 nəfər tutulub - DİN

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimalında daxili işlər orqanlarının aprelin 6-dan 10-dək keçirdiyi "Sərhəd" əməliyyatı zamanı axtarışda olan 16 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə məlumat verilib.

Məlumatda bildirilir ki, tədbirlər zamanı Rusiyanın daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Əməliyyat-axtarış tədbirləri respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edib.

Tədbirlər zamanı 293 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti