...

Şotlandiyanın nüfuzlu universitetində Qafqaza həsr edilmiş illik beynəlxalq konfrans keçirilib

Siyasət Materials 20 Aprel 2010 10:32 (UTC +04:00)
Şotlandiyanın nüfuzlu St Andrews universitetində Qafqaza həsr edilmiş illik beynəlxalq konfrans keçirilib. Bu barədə Azərbaycanın Londondakı Səfirliyinin yaydığı məlumatda bildirlib.
Şotlandiyanın nüfuzlu universitetində Qafqaza həsr edilmiş illik beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Şotlandiyanın nüfuzlu St Andrews universitetində Qafqaza həsr edilmiş illik beynəlxalq konfrans keçirilib. Bu barədə Azərbaycanın Londondakı Səfirliyinin yaydığı məlumatda bildirlib.

Sözügedən universitetin Rusiya, Sovet, Mərkəzi və Şərqi Avropa Araşdırmaları Mərkəzi və Böyük Britaniya Humanitar və Sosial Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş konfransda Cənubi Qafqaz ölkələrinin Böyük Britaniyadakı səfirləri, Britaniyanın, eləcə də digər ölkələrin qafqazşünaslıq sahəsində anınmış alimləri, St Andrews universitetinin tələbə-müəllim heyəti iştirak edib.

Səfir Qurbanov çıxışında ölkədə gedən siyasi-iqtisadi islahatlardan bəhs etmiş, xarici siyasətimizin ümumi prinsiplərindən söhbət açıb. Azərbaycanın Avroatlantik strukturlara inteqrasiya olunmasının prioritet istiqamət olduğunu, ölkəmizin region ölkələri ilə də sıx münasibətlərə malik olduğunu vurğulayıb. Zəngin enerji resurslarından istifadə istiqamətində həyata keçirilən tədbirlərə toxunan səfir, ölkəmizin çoxşaxəli ixrac infrastrukturunun qurulmasına nail olduğunu diqqətə çatdırıb. İqtisadiyyatın digər sektorlarının inkişaf etdirilməsinə hökumət tərəfindən xüsusi diqqət yetirildiyi və bir sıra iqtisadi göstəricilərə görə ölkəmizin müxtəlif beynəlxalq təşkilatların hesabatlarında öncül yer tutduğunu diqqətə çatdırıb.

Həmçinin o, regional münasibətlərdən bəhs edərkən, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətdə regionda davamlı sülhə və əməkdaşlığa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb. Hazırda davam edən sülh danışıqlarının müsbət nəticə verəcəyinə inandığını, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinin mümkün olduğunu qeyd edib.

İki gün ərzində davam edən konfransda Qafqaz regionunda mövcud münaqişələr, regional inteqrasiya meyilləri, regionda gedən ictimai-sosial proseslər haqqında mühazirələr oxunub.

Xəbər lenti

Xəbər lenti