...

Futbol diplomatiyasının uğursuzluğu: Bizim müxalifət və milli maraqlarımız

Siyasət Materials 27 Aprel 2010 14:05 (UTC +04:00)

Elşad İsgəndərov beynəlxalq İslam Konfransı Təşkilatına (İKT) affilə edilmiş İKT Gənclər Forumunun baş katibidir. Kolumbiya Universitetində (ABŞ) "Beynəlxalq Münasibətlər" ixtisası üzrə aspiranturanı bitirmişdir. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi vardır. AzərTAc E.İsgəndərovun "Futbol diplomatiyasının uğursuzluğu: bizim müxalifət və milli maraqlarımız" adlı məqaləsini oxuculara təqdim edir.

Qəbul edilmiş beynəlxalq protokol qaydalarına görə, beynəlxalq təşkilatı təmsil edən şəxs həmin təşkilatın üzvü olan ölkələrdə, o cümlədən öz ölkəsində siyasi diskussiyalara qoşulmamalıdır. Mən də İKT-nin Gənclər Forumunda işlədiyim bütün müddətdə həmin qaydaya əməl etməyə çalışıram. Qloballaşmaqda olan dünyada diplomatik xidmətin bu əsaslarının da dəyişməsi nəzərə alınmaqla regional (bir qayda olaraq Qərbə aid) təşkilatın hər hansı məmurunun bu və ya digər dövlətin (bir qayda olaraq yeni müstəqil dövlətlərin) daxili siyasi diskussiyasına ara-sıra qoşulması istisna olunmur. Buna görə də aşağıdakı fikirlər müəllifin şəxsi mövqeyini bildirməsinə baxmayaraq hər halda ümumi qaydalardan istisnadır.
Müəllifi belə bir müstəsna addım atmağa vadar edən - bəzi milli müxalifətçilərin olduqca nəzakətsiz və tamamilə prinsipsiz sevincləridir. Onları sevindirən bu dəfə Vaşinqton dekorasiyaları fonunda "Ermənistan-Türkiyə münasibətlərinin normallaşması" serialının hələlik axırıncı, lakin hələ sonuncu olmayan epizodu ilə bağlı hadisələrdir. Qəribə də olsa, bu cür şənlənmək üçün əsla əsas olmamasının təsdiqlənməsi əslində həm "futbol diplomatiyası"nın, həm də özünün Vaşinqtondakı missiyasının uğursuzluğuna imza atmış Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatı ilə bir vaxta düşmüşdür. Gəlin hər şeyi ardıcıllıqla nəzərdən keçirək.
Əvvəlcə müxalifətin şənlənməsi üçün bəhanə barədə. Vaşinqtonda nüvə silahı məsələlərinə həsr olunmuş sammitdə Azərbaycanın iştirak etməməsi ilə əlaqədar, belə hadisələr üçün qəribsəmiş bəzi müxalifət dairələrində qəribə bir tezis irəli sürülmüşdür: "... Azərbaycan rəhbərliyi təslimçi Madrid prinsipləri ilə razılaşır, Vaşinqton isə bizi sammitə dəvət etmədən sanksiyalar tətbiq edir. Türkiyə bizi xilas etməyə çalışır, rəsmi Bakı isə müşahidəçi rolu ilə kifayətlənir". Əvəzçilik üzrə həm də bloqqerə çevrilmiş başabəla siyasətçi ya coğrafi yaddaşının zəifləməsi üzündən, ya da kiməsə yarınmağa çalışaraq uydurduğu ssenarinin yekununda soruşur: "Yaxşı, bu Qarabağ kimin torpağıdır - Azərbaycanın, yoxsa Türkiyənin?".
Lakin adamın ürəyini bulandıran məntiqsiz ekvilibristika ilə dolu tezisin özü deyil, öz dövlətinin "xarici siyasətdə uğursuzluğu" (həmin tezisin müəllifinin fikrincə) ilə əlaqədar küçük kimi şellənməsi və xaricdəki əmi və dayılarının xoşuna gəlmək arzusudur.
Mən xidməti işimlə əlaqədar İKT üzvü olan ölkələrdə tez-tez səfərdə oluram. İctimaiyyətin, o cümlədən öz hökumətlərinə qarşı müxalifətdə olan geniş təbəqələrin nümayəndələri ilə görüşürəm. Bəzi ölkələrdə müxalifət şəhərin mərkəzində ofisinin olmamasından deyil, həbsxana kameralarında darısqallıqdan şikayətlənir, müxalifət liderləri isə, çətirlərini tez-tez dəyişən nazlı-qəmzəli parisli qadınlar kimi öz sponsorlarını dəyişmirlər. Lakin milli siyasi qüvvə hüququna iddia edən müxalifət milli mənafelərə təhlükə yarandıqda heç vaxt bu cür mazoxist ekstaza uymur, "siyasi dividendlər" və "millətin həyati mənafeləri" anlayışları arasında özlərini itirmir.

İndi isə yuxarıda göstərilən tezisin məntiqi, daha doğrusu məntiqsizliyi barədə.
1-ci məntiqsizlik. Azərbaycan münaqişənin həlli məsələsini Türkiyəyə etibar etmişdir.
Düzdür, Vaşinqton sammiti ilk növbədə İranın nüvə proqramına qarşı koalisiya yaratmaq siyasətinin tərkib hissəsidir. ABŞ-ın Tehranı beynəlxalq miqyasda təcrid etmək strategiyasında mühüm amil və regionda əsas oyunçu kimi Türkiyənin rəhbəri Vaşinqtona Qarabağ münaqişəsinin müzakirəsi üçün deyil, məhz bu səbəbdən dəvət edilmişdi. Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində Türkiyənin mövqeyi də yaxşı məlumdur, Vaşinqtonun bu mövqeyi dəyişmək istəyi də. Burada istənilən metodlar, o cümlədən Ankaraya təzyiq vasitəsi kimi "erməni kartından" istifadə edilməsi də kara gəlir.
2-ci məntiqsizlik. Sarkisyanın sammitdə iştirak etməsi Ermənistanın xarici siyasətinin uğurudur.
Vaşinqtonun Sarkisyanı sammitə dəvət etməsinin səbəbi də ABŞ-ın yuxarıda qeyd etdiyimiz arzusu ilə bağlıdır. Türkiyəli tərəfdaşı qarşısında Sarkisyanı qırmızı əski kimi fırlatmaq, Türkiyəyə təzyiq göstərilməsində ondan yardımçı vasitə kimi istifadə etmək. Əsas səbəb Yerevan rejimini xarakterizə edən və ABŞ-da guya Ermənistanda demokratiyanın daha çox inkişaf etməsinə sübut kimi qəbul edilən hallar - kütləvi nümayişlərin gülləbaran edilməsi və siyasi opponetlərin atəşə tutulması deyil, məhz ABŞ-ın bu istəyidir. Öz hakimiyyətini legitimləşdirmək naminə "saman çöpündən yapışan" Sarkisyan bu cür köməkçi vasitə kimi istifadə olunmasına həvəslə imkan verir. Sarkisyanın Vaşinqtonda necə uğur qazanmasını isə onun öz etirafı təsdiq edir. Bütövlükdə "futbol diplomatiyası" prosesində ikimənalı bəyanatlarla Azərbaycan-Türkiyə münasibətlərinə nifaq salmağa çalışan erməni tərəfi ilk dəfə olaraq yüksək səviyyədə açıq etiraf etmişdir: - Türkiyə başlanmış prosesi davam etdirməyə və ilkin şərtlər qoyulmadan (oxu: Yerevanın təcavüzkar siyasətinə son qoyulacağına zəmanət verilmədən) irəliləməyə hazır deyil. Bu etiraf və üstəlik, qondarma "erməni soyqırımı"nın ABŞ Konqresində tanınması məsələsinin dondurulması Sarkisyanın Vaşinqton səfərinin və Ermənistanın öz geosiyasi rolunun gücləndirilməsi siyasətinin uğursuzluğa düçar olmasının kədərli nəticələridir. Türkiyə ilə Ermənistan sərhədinin açılması kimi həyati əhəmiyyətli məsələ Azərbaycan ilə münaqişə tənzimlənmədən həll edilə bilməz.
3-cü məntiqsizlik. Vaşinqton sammitində Azərbaycanın iştirak etməməsi tənzimləmə məsələsində bizim mövqelərimizin zəif olmasına dəlalət edir.
Digər tərəfdən, Vaşinqtonda bəziləri ürəkdən, digərləri isə öz maraqları naminə, həqiqətən belə hesab edirlər ki, Ermənistan-Türkiyə münasibətlərinin Qarabağ prosesi ilə əlaqəsiz şəkildə normallaşdırılması müsbət haldır. Təəssüflə qeyd etməliyik ki, Potomak sahillərində yaranmış qənaətə görə, erməni xalqının sosial-iqtisadi cəfaları azalarsa, bu xalqın yaraları Türkiyənin hesabına asanlıqla sağalarsa, Sarkisyan rejiminin təcavüzkar tərkib hissəsi zəifləyəcək və bu, Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsinə şərait yaradacaqdır. Bir məqamı da unutmayaq ki, Obama administrasiyasının hakimiyyətə gəlişi erməni lobbisinin geniş dəstəyi sayəsində mümkün olmuşdur. "Erməni soyqırımı"nın tanınması barədə verdiyi vədi real siyasət çərçivəsində gerçəkləşdirmək imkanı olmayan Ağ ev manevr etməyə və erməni tərəfinə "dəbbə pulu" ödəməyə məcburdur. Türklərlə erməniləri barışdırmaq səyləri də bu cür "dəbbələrin" tərkib hissəsidir. Lakin bu mövqenin arxasında nələrin gizlənməsindən asılı olmayaraq, o, AZƏRBAYCANIN yox, AMERİKANIN MÖVQEYİDİR. Buna görə də Azərbaycan rəhbərliyi məhz öz milli maraqlarını əsas götürərək bu cür ikili standartlara qarşı etiraz edir. Müxalifət "nəzəriyyəçilərindən" fərqli olaraq ABŞ-da bunu yaxşı başa düşürlər, Azərbaycan Prezidentinin ÖZ ÖLKƏSİNİN MİLLİ MARAQLARINI müdafiə etmək əzmində olmasını da. ABŞ-da (o cümlədən keçən il İstanbul sammitində Azərbaycan Prezidentinin israrlı dəvət olunmasının nəticələrinə əsasən) onu da bilirlər ki, hər hansı protokol həvəsləndirmələri İlham Əliyevi həmin mənafeləri istənilən vasitələrlə qorumaq əzmindən döndərə bilməz.
Azərbaycan Prezidentinin mövqeyi belədir: yuxarıda adını çəkdiyimiz konsepsiya nəinki ölkəmizin milli mənafelərinə ziddir, hətta tamamilə yanlışdır və regionda sabitliyin perspektivləri üçün təhlükəlidir. Bizim mövqeyimiz təkcə ermənilərin xainliyi ilə, necə deyərlər ilk mənbədən tanışlığın subyektiv təcrübəsinə deyil, həm də bütün dünyaya yaxşı məlum olan tarixi təcrübəyə əsaslanır. İndiyə qədər heç bir sakitləşdirmək siyasəti heç bir təcavüzkarın ambisiyalarını ram etməmişdir. Amerikada beynəlxalq münasibətlərə dair bütün dərsliklərdə klassik nümunə kimi göstərilən Münxen sövdələşməsi buna əyani misaldır. Biz hələ Səddam Hüseynin Küveytə qarşı təcavüzü ilə əlaqədar Amerikanın kollektiv yaddaşında daha təzə olan olayları demirik.
Beynəlxalq hüququn prinsiplərinin tapdalandığı, ikili standartlar tətbiq edildiyi zaman sağlam düşüncəli hər hansı insan sevinə bilməz. Özünü vətənpərvər adlandıran insan isə öz ölkəsinin milli maraqları üçün təhlükə yarandığını, erməni şantajı nəticəsində öz ölkəsinin strateji müttəfiqinə təzyiq edildiyini görəndə, hətta bu cür təzyiq sənin sponsorunun ötəri siyasi taktikasının maraqlarına uyğun olduqda belə, sevinə bilməz.
Yaxşı, Qarabağ kimin torpağıdır?
Qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda həm qondarma soyqırımı məsələsində, həm də Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində qətiyyət göstərərək bildirmişdir ki, Ermənistan həmin məsələlərdə xoş məram nümayiş etdirməyincə normallaşma prosesində irəliləyişə nail olmaq mümkün deyil. Bu məsələnin birinci hissəsi - erməni diasporunun öz tarixi yaddaşını 70 milyonluq Türkiyəyə zorla sırımaq niyyəti ilə barışmağın mümkün olmaması tamamilə aydındır. Türkiyənin Baş nazirinin Qarabağ məsələsində prinsipial mövqeyi də onu göstərdi ki, bu prinsipiallıq 80-ci illərin əvvəlində çəkilmiş romantik Türkiyə seriallarının Baş nazirə təsirinin nəticəsi deyil. Amma görünür, bizim başabəla analitiklər məhz həmin seriallar ruhunda düşünürlər. Türkiyə, xüsusən Cənubi Qafqaz kimi həssas regionda praqmatik xarici siyasət yeridir. Vaşinqtonda nümayiş etdirilmiş qətiyyət də Azərbaycan rəhbərliyinin bir il ərzində səylə, səbrlə apardığı incə işin nəticəsidir. Azərbaycan rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Qarabağ münaqişəsinin tənzimlənməsi proseslərinin paralel inkişaf etməli olması barədə Ankaranın mövqeyini möhkəmlətmişdir. Buna görə də Ərdoğan Ermənistan tərəfini Sürix protokollarının hərfi mənasına və ruhuna riayət etməyə çağırmışdır. Həmin protokollar təcavüzkarın şirnikləşdirilməsi vasitəsinə çevrilməməli, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə yönəlməlidir. Təəssüf ki, Türkiyə ilə əlaqələrinin güclü olması ilə öyünən müxalifətçilər həmin dövrdə ümummilli əhəmiyyətli bu işdə heç bir rol oynamamış, yaşanılmış dövrün çətinlikləri hesabına kapital toplamağa çalışaraq ucuz aksiyalarla kifayətlənmişlər.
Nəhayət, Türkiyə mövqeyinin əsas səbəbi Vaşinqtonda Türkiyənin Baş naziri tərəfindən açıqlanmışdır: Azərbaycan regionda strateji ölkədir və Azərbaycanın iştirakı olmadan, onun maraqlarına riayət edilmədən regionda davamlı sabitliyə nail olmaq mümkün deyil. Zənnimcə, ölkəmizin rolunun artmasına bu cür qiymət verilməsinin kimin xidməti olması sual doğurmur.
P.S.
Sarkisyandan gələn etiraflar "futbol diplomatiyası" mərhələsinin artıq başa çatdığını göstərmişdir. Erməni politoloqu R.Kirakosyanın qeyd etdiyi kimi, indi Ermənistan Türkiyə ilə şahmat oyununa başlamışdır. Bizə münasibətdə də şahmat gedişləri hələ çox olacaq. Ona görə də təkcə oyunçular deyil, azarkeşlər də kimə rəğbət bəsləməsi barədə qəti qərara gəlməlidirlər, çünki bu oyunda ötəri siyasi ambisiyaların taleyi deyil, Azərbaycan xalqının milli mənafeyinin taleyi həll edilir, qarşıdakı illər üçün bizim tariximizin gedişi isə məhz bu maraqlardan asılıdır.

Xəbər lenti

Xəbər lenti