...

Azərbaycanın Ədliyyə Nazirliyində qanunsuz torpaq satışlarının qarşısının alınmasına dair müşavirə keçirilib

Siyasət Materials 14 May 2010 10:45 (UTC +04:00)
Ədliyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması üzrə görülmüş işləri təhlil edərək bildirib ki, torpaqların idarə olunması ilə bağlı qanunsuz sərəncamların verilməsi, xüsusi mühafizə zolaqlarında vətəndaşlara torpaq sahələrinin ayrılması və digər ciddi hüquqpozmaların aradan qaldırılması üzrə daha təsirli tədbirlər görülməlidir.
Azərbaycanın Ədliyyə Nazirliyində qanunsuz torpaq satışlarının qarşısının alınmasına dair müşavirə keçirilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətin qarşısının alınmasına dair keçirilən müşavirədə ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində müşavirə keçirilib.

Ədliyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması üzrə görülmüş işləri təhlil edərək bildirib ki, torpaqların idarə olunması ilə bağlı qanunsuz sərəncamların verilməsi, xüsusi mühafizə zolaqlarında vətəndaşlara torpaq sahələrinin ayrılması və digər ciddi hüquqpozmaların aradan qaldırılması üzrə daha təsirli tədbirlər görülməlidir.

Qeyd olunub ki, torpaq sahəsinin qanunsuz satılmasının qarşısının alınması məqsədilə son illər 15 min 500 hektara yaxın torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb; qanunazidd torpaqayırma qərarlarının ləğv edilməsi üçün məhkəmələrdə 500-ə yaxın iddia qaldırılıb, bununla bağlı ayrı-ayrı bələdiyyələrə 2 000-ə yaxın xəbərdarlıq məktubları göndərilib, 100-dən artıq bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları ilə bağlı cinayət xarakterli faktlar aşkar edilərək, materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Müşavirədə qanunsuz verilmiş torpaq sahələri, mühafizə zonalarında, xüsusilə neft-qaz buruqlarına yaxın ərazilərdə, yüksəkgərginlikli xətlərin altında qeyri-qanuni tikililərlə bağlı məhkəmələr tərəfindən çoxsaylı işlərə baxıldığı və bununla əlaqədar icra sənədlərinin artdığı qeyd edilib.

Dövlətin və vətəndaşların qanuni mənafelərinin qorunması, torpaq sahələri və tikililərlə bağlı verilən ekspertiza rəylərinin obyektivliyinin və mötəbərliliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti