...

Dmitri Medvedev İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 27 May 2010 16:46 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edib.
Dmitri Medvedev İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edib. Məlumatı cümə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlar Azərbaycanın potensialını inamla artırmasını, regional və beynəlxalq məsələlərdə onun nüfuzunun möhkəmlənməsini təmin edir.
Ölkələrimizi qədim dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Rusiya və Azərbaycan xalqları mürəkkəb sınaqlardan dəfələrlə birlikdə çıxmış, faşizmə qarşı çiyin-çiyinə mübarizə aparmışlar. Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Moskvada keçirilmiş paradda Azərbaycan hərbi qulluqçularının iştirak etmələri ortaq tariximizə ehtiramın parlaq nümunəsi olub.

Bu gün Rusiya Federasiyasının və Azərbaycan Respublikasının strateji tərəfdaşlığının inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Bu cür tərəfdaşlıq qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Əminəm ki, ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin genişləndirilməsi naminə birgə səylərin artırılması Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti