...

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bağlı qalmış cinayətlərin açılması ilə bağlı birgə məlumat yayıb

Siyasət Materials 2 İyul 2010 12:08 (UTC +04:00)
Cümə günü Trend-ə daxil olan məlumatda bildirilir ki, ötən ilin oktyabr ayında paytaxt sakini Rauf Həsənovun idarə etdiyi «Nissan-Teana» markalı avtomobillə evdən çıxıb geri qayıtmaması, noyabrın 5-də isə həmin nəqliyyat vasitəsinin Quba şəhərində yanmış vəziyyətdə tapılması faktı ilə əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilib.
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bağlı qalmış cinayətlərin açılması ilə bağlı birgə məlumat yayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş ProkurorluğuDaxili İşlər Nazirliyi bağlı qalmış cinayətlərin açılması ilə bağlı birgə məlumat yayıb.

Cümə günü Trend-ə daxil olan məlumatda bildirilir ki, ötən ilin oktyabr ayında paytaxt sakini Rauf Həsənovun idarə etdiyi "Nissan-Teana" markalı avtomobillə evdən çıxıb geri qayıtmaması, noyabrın 5-də isə həmin nəqliyyat vasitəsinin Quba şəhərində yanmış vəziyyətdə tapılması faktı ilə əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilib.

Süleymanov cari ilin fevral ayında Heydər Əliyev adına Hava Limanında ölkəni tərk etmək istərkən saxlanılıb. Yaşadığı ünvanda və bağ evində aparılmış axtarışla ona məxsus İtaliya istehsallı 1 ədəd tapança və 8 patron aşkar edilərək götürülüb.

İstintaq prosesində Süleymanov qətlin digər iştirakçıları barədə, eləcə də cinayətin icraçısına "Makarov" tipli tapança verdiyini etiraf edib.

Məlum olub ki, zərərçəkmiş Rauf Həsənovun Moskva şəhərində yaşayan Mustafa Aslanovla birgə kommersiyadan əldə etdikləri 5 milyon ABŞ dollarının bölüşdürülməsi zamanı aralarında narazılıq yarandığından, Aslanov onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakı şəhərinə göndərib.

2009-cu il oktyabrın 31-də Nərimanov rayonu ərazisində İlya Şabanov Rauf Həsənovla görüşərək, onu Fərhad Süleymanovla birgə Goradil qəsəbəsindəki bağ evinə gətirib, orada tapançadan bir neçə dəfə atəş açaraq qətlə yetirib.

Onlar cinayətin izini itirmək məqsədilə meyiti Samur-Abşeron kanalına atıb; Fərhad Süleymanov isə Rauf Həsənovun avtomobilini Quba şəhərinə apararaq orada yandırıb.

Rauf Həsənovun meyiti 2010-cu il mayın 27-də Xızı rayonu ərazisindən keçən Samur-Abşeron kanalındakı sutəmizləmə kollektorunda aşkarlanıb. Fərhad Süleymanova ittiham elan olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib, ölkənin hüdudlarından kənarda olan cinayətin digər iştirakçıları barədə axtarış elan edilib.

2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evin yaxınlığında tapılması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin zərərçəkmişin həmkəndlisi Levani Dukaşvili tərəfindən törədildiyi müəyyən edilib.

O, yanvarın 30-da Pərviz Məmmədov və qeyriləri ilə birgə yeyib-içdikdən sonra, aralarında baş vermiş münaqişə zəminində sonuncunun sifətinə daşla xəsarət yetirib.

Sonra isə yaşadığı evin həyətində gizlətdiyi "TOZ-8" markalı tüfəngi götürüb hadisə yerinə qayıdıb və Pərviz Məmmədova atəş açaraq onu qəsdən öldürüb.

Cari ilin yanvarında iş üzrə ibtidai istintaq tamamlanaraq, məhkəmə baxışına təqdim edilib.

Bu il mayın 9-da Şəmkir rayon Dəllər qəsəbə sakini Almaz Qurbanovanın "Vinçester" tipli silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə, hadisədə qəsdən adamöldürmə cinayətinin əlamətləri müəyyən edilib.

Həyata keçirilən təxirəsalınmaz prosessual hərəkətlərlə Almaz Qurbanovanın ailə münaqişəsi zəminində həyat yoldaşı Fəxrəddin Rzayev tərəfindən qəsdən öldürüldüyü sübuta yetirilib və sonuncu törətdiyi əməli etiraf edib.

Bu il mayın 30-da paytaxtın Nəsimi rayonu ərazisindəki köhnə avtovağzalın həyətində üzərində çoxsaylı deşici-kəsici alətlə xəsarətlər olan Bakı şəhər sakini Famis İbrahimovun meyitinin aşkarlanması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri də uğurla nəticələnib.

Araşdırmalar zamanı məlum olub ki, Cəlilabad rayon sakini Şirvan Mirzəyev təsadüfən tanış olduğu Famis İbrahimovla spirtli içki qəbul edərkən aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunu xuliqanlıq niyyəti ilə öldürüb, cinayətdə istifadə etdiyi bıçağı isə hadisə yerində olan su quyusuna atıb. Şirvan Mirzəyev istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edib.

Mirzəyevin həyat tərzi, şəxsiyyəti və cəmiyyətdəki davranışı onun başqa cinayətlər törətməsinə də kifayət qədər şübhələr yaratdığından, prokurorluq və polis orqanlarının əlaqəli və peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə onun daha iki qəsdən adamöldürmə cinayəti törətməsi sübuta yetirilib.

Müəyyən edilib ki, Mirzəyev Qaradağ rayonunda yerləşən daş karxanalarının ərazisində 2007-ci ilin iyununda Cəlilabad rayon sakini Xanoğlan Cəfərovu, 2008-ci ilin aprelində isə Füzuli sakini Oruc Nəcəfovu eyni üsulla qətlə yetirib.

Cari il mayın 31-də Şəki şəhərindəki istifadəsiz qalmış dördmərtəbəli binanın otaqlarının birində, rayon sakini 14 yaşlı Sahib Lətifovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə aparılmış tədbirlər də müsbət nəticələnib.

Müəyyən edilib ki, zərərçəkəni, üstündə olan 30 manat pulu ələ keçirmək məqsədilə onunla bir məktəbdə oxuyan 16 yaşlı Natiq İbrahimov öldürüb.

Daha bir qəsdən adamöldürmə faktı Sumqayıtda qeydə alınıb.

2010-cu il iyunun 11-də şəhərin 10-cu mikrorayonundakı 42 nömrəli yaşayış binasının mərtəbələrarası pilləkən meydançasında kişi meyitinə məxsus ayrı-ayrı hissələrin tapılması faktı üzrə aparılmış əl-barmaq izlərinin daktiloskopik eyniləşdirilməsi onun əvvəllər məhkum olunmuş Əsgər Pirverdiyev olduğunu göstərib.

Təxirəsalınmaz və intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində, cinayəti törətmiş Lerik rayon sakini Südabə Kazımova saxlanılaraq istintaqa cəlb edilib.

Məlum olub ki, Kazımova qeyri-rəsmi yaşadığı Əsgər Pirverdiyevi iyunun 10-da Saray qəsəbəsindəki evlərin birində aralarında yaranmış münaqişə zəminində balta ilə boyun nahiyəsindən bir neçə zərbə vuraraq öldürüb, sonra isə hissələrə bölüb şəhərin müxtəlif ərazilərinə atıb. Şübhəli şəxs qismində saxlanılmış Südabə Kazımova törətdiyi cinayəti tam etiraf edib.

Xəbər lenti

Xəbər lenti