...

ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanın potensialı barədə çox nikbindir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 4 İyul 2010 15:58 (UTC +04:00)
ABŞ Azərbaycana və onun vətəndaşlarına daha da demokratik dövlət qurmaqda kömək etməyə hazırdır. Bunu ABŞ dövlət katibi Hillari Klinton bazar günü azərbaycanlı gənclərin nümayəndələri ilə görüşü zamanı deyib.
ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanın potensialı barədə çox nikbindir (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav.: dördüncü abzasdan sonra dövlət katibinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycana və onun vətəndaşlarına daha da demokratik dövlət qurmaqda kömək etməyə hazırdır. Bunu ABŞ dövlət katibi Hillari Klinton bazar günü azərbaycanlı gənclərin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət katibinin Bakıya səfəri bazar günü başlayıb.

"Mən Azərbaycanın potensialı barədə çox nikbinəm. O, strateji mövqedə yerləşib. Azərbaycan zəngin resursları ilə qeyri-adi tarixə malik ölkədir və onun barəsində digərlərinə çox şey danışmaq olar", - Klinton bildirib.

"XXI əsrdə bir çox ölkələrin uzunmüddətli dövrdə uğurları açıq cəmiyyətdən asılı olacaq, əgər onlar dialoq apara, öyrənə bilərlərsə, dövlət katibi kimi mənim missiyam isə demokratiyanı, azadlığı və gəncləri dəstəkləməkdir", - dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, bu, özündə sosial aktivliyi, gənclərin ünsiyyət qurmasına kömək edən internet-azadlığı və yeni imkanları birləşdirir.

Dövlət katibi qeyd edib ki, ABŞ-ın iradə azadlığına sadiqliyi dəyişməzdir.

"ABŞ öz müstəqilliyini elan etdiyi andan qarşısına çıxan bir çox maneələri dəf edib və hər bir ölkə bu yolu keçməlidir. Bu, demokratiyanı güclü etmək və çoxlu sayda insana şans vermək üçün təkcə vətəndaşlar deyil, həm də hökumətlər üçün vacibdir", - o deyib.

Klintonun sözlərinə görə, Azərbaycanda əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub, lakin hələ də görülməli çox işlər qalır.

"Ölkədə müstəqil məhkəmə sistemi üzərində çalışmaq lazımdır. Demokratiya təkcə seçkilər deyil, bu, müstəqil məhkəmə sistemi, şəffaf institutlar və liderlərdir", - dövlət katibi bildirib.

Görüşdə "İrəli", "Dalğa" gənclər təşkilatlarının, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının, Azərbaycanlı Tələbələr Assosiasiyasının nümayəndələri iştirak edib.

Səfər zamanı dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Eləcə də onun xarici işlər naziri Elmar Məmmədyarovla, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri də gözlənilir.

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi bazar günü Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub..

Elə bu gün Klinton Yerevana yola düşəcək, iyulun 5-də isə Tbilisidə səfərdə olacaq.

Xəbər lenti

Xəbər lenti