...

Azərbaycanda bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt prokurorluğa göndərilib - Ədliyyə Nazirliyi

Siyasət Materials 5 İyul 2010 16:58 (UTC +04:00)
Bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.
Azərbaycanda bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt prokurorluğa göndərilib - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib.

"Bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib, 4 min hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasına dair qərarlar ləğv edilərək bələdiyyə mülkiyyətinə qaytarılıb", - Kollegiyada qeyd edilib. Məlumatı bazar ertəsi nazirliyin mətbuat xidməti yayıb.

İclasda "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2009-cu il tarixli Fərmanının qəbul edilməsindən keçən bir il ərzində onun icrası üzrə görülmüş işlər müzakirə olunub.

İclasda qeyd edilib ki, dövlət başçısının fərmanı daim diqqət mərkəzində saxlanılaraq Ədliyyə Nazirliyi üzrə əmr verilib, ədliyyə orqanlarının üzərinə konkret tapşırıqlar qoyulub. İclasda fərmanın icrası üzrə görülmüş işlər barədə məlumat verilib, o cümlədən inzibati nəzarət qaydasında 20 mindən çox bələdiyyə aktına baxıldığı və həmin aktları vaxtında təqdim etməyən 564 bələdiyyə sədri barəsində inzibati xəta protokollarının tərtib edilərək məhkəmələrə verildiyi vurğulanıb.

Regional ədliyyə şöbələri rəhbərlərinin iştirak etdiyi Kollegiya iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, regional ədliyyə şöbələri ilə işin daha səmərəli əlaqələndirilməsi, Ədliyyə Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, inzibati nəzarəti həyata keçirən əməkdaşların peşəkarlığının yüksəldilməsi üzrə əlavə tədbirlərin görülməsi qərara alınıb.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti