...

Azərbaycan Prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib

Siyasət Materials 28 İyul 2010 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıb. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlətimizin başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu deyib.

Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan böyük inkişaf proseslərinin bu gün uğurla davam etməsindən məmnun olduğunu bildirib. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər Çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd edib. 2009-cu ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının 9 faiz artdığını vurğulayan qonaq, ölkəmizin inkişafından qürur duyduqlarını demiş və əldə edilən yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib.

Xoş sözlərə görə qonağa təşəkkür edən dövlətimizin başçısı ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq bildirib ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti