Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda müxalif Demokratiya Uğrunda İttifaq Müsavat Partiyası ilə məsləhətləşmələrinin birinci mərhələsinə yekun vurur. Trend-in məlumatına görə, bu barədə qərar DUİ Sədrlər Şurasının bazar ertəsi keçirilən iclasında qəbul olunub.
"Müsavatla DUİ arasında indiki mərhələdə olan məsələlərin razılaşdırılması barədə yekun bir sənədin qəbul olunması nəzərdə tutulur. Həftə ərzində həmin sənədin hazırlanıb imzalanması gözlənilir. Bu sənəddə DUİ ilə Müsavat arasında razılaşdırılmış dairələrin siyahısı, seçkilərdə birgə iştirakın parametrləri və digər məsələlər öz əksini tapacaq", - Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. Hazırda DUİ ilə Müsavat Partiyası arasında parlament seçkilərində birgə iştirak ilə bağlı danışıqlar aparılır.
Oruc Sədrlər Şurasının toplantısında müzakirə olunan digər məsələlərdən də danışıb.
"Toplantıda DUİ-nin seçki hazırlığı məsələsi də müzakirə olunub. DUİ namizədlərinin siyahısı bir daha dəqiqləşdirilib. 31 saylı Suraxanı seçki dairəsində Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanın namizədliyinin irəli sürülməsi qərara alınıb", - Oruc bildirib.
Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.