...

Azərbaycanın dairə seçki komissiyalarının sədrləri təcrübə mübadiləsi keçiblər

Siyasət Materials 26 Avqust 2010 18:29 (UTC +04:00)
Trend-in məlumatına görə, cümə günü keçirilən təcrübə mübadiləsində Bakı və Abşeron DSK sədrləri iştirak ediblər.
Azərbaycanın dairə seçki komissiyalarının sədrləri təcrübə mübadiləsi keçiblər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın dairə seçki komissiyalarının (DSK) sədrləri təcrübə mübadiləsi keçiblər. Trend-in məlumatına görə, cümə günü keçirilən təcrübə mübadiləsində Bakı və Abşeron DSK sədrləri iştirak ediblər.

Avqustun 26-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı və Abşeron rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçiblər.

14 saylı Xəzər II seçki dairəsində təcrübə keçən DSK sədrləri əvvəlcə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılmış Muzey Kompleksində 216 memarlıq abidəsi var. Muzey Kompleksinin ərazisi 1,5 hektardır.

DSK sədrləri görkəmli ictimai xadim Almas İldırımın abidəsini də ziyarət ediblər.

DSK-larda keçirilən tədbiri MSK sədrinin müavini Şaitdin Əliyev açaraq kursların təşkilinin əhəmiyyətindən danışıb.

"Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda məqsəd seçki sahəsində əldə olunmuş nailiyyətlər, beynəlxalq təcrübə barədə məlumatlar almaq, seçki sahəsində təcrübə və bacarığımızı daha da artırmaqdır", - Əliyev bildirib.

14 saylı Xəzər II DSK-nın sədri İmran Qəmbərov dairə barədə ətraflı məlumat verib.

"DSK öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, seçki qanunvericiliyi və MSK-nın təsdiq etdiyi qərarlar və təlimatlar əsasında həyata keçirir. DSK-da daimi əsaslarla fəaliyyət göstərən 32 seçki məntəqəsi, 4 müvəqqəti əsaslarla fəaliyyət göstərən seçki məntəqəsi var. DSK sədrləri seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib, təcrübə mübadiləsi aparıblar", - Qəmbərov deyib.

Sonra iştirakçılar dairədə yaradılmış iş şəraiti, sənədlər, məlumatlar toplusu, arxiv və digər otaqlarla tanış olublar.

Xəbər lenti

Xəbər lenti