...

Azzənginləşdirilmiş uranın İrandan çıxarılması Rusiya-İran konsorsiumunun yaradılması üçün başlıca problemdir – ekspertlər

Siyasət Materials 30 Avqust 2010 14:36 (UTC +04:00)
Rusiya-İran konsorsiumunun yaradılması haqqında təklifdə əsas məsələ onun mövcudluğunun qeyri-mümkün olması deyil, İranda toplanan azzənginləşdirilmiş uranın (AZU) onun hüdudlarından kənara çıxarılacağı və ya İslam Respublikası ərazisində zənginləşdiriləcəyindən ibarətdir, - ekspertlər bu qənaətdədirlər.
Azzənginləşdirilmiş uranın İrandan çıxarılması Rusiya-İran konsorsiumunun yaradılması üçün başlıca problemdir – ekspertlər

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Konyayeva/

Rusiya-İran uranızəngiləşdirmə konsorsiumunun yaradılması haqqında təklifdə əsas məsələ onun mövcudluğunun qeyri-mümkün olması deyil, İranda toplanan azzənginləşdirilmiş uranın (AZU) onun hüdudlarından kənara çıxarılacağı və ya İslam Respublikası ərazisində zənginləşdiriləcəyindən ibarətdir, - ekspertlər bu qənaətdədirlər.

"Konsorsium ideyası ona görə yaxşıdır ki, onun köməyi ilə İran ərazisində toplanacaq AZU-nun bu ölkə ərazisindən çıxarılması mümkündür", - REA BİBMİ-nin Beynəlxalq Təhlükəsizlik Mərkəzinin böyük elmi əməkdaşı Vladimir Yevseyev telefonla Trend-ə bildirib. - "Əks halda, o, İran ərazisində o qədər toplana bilər ki, İran nə vaxtsa nüvə silahı yaratmaq və nüvə sınaqlarına başlamaq haqqında qərar qəbul edə bilər. Hansısa şəkildə AZU çıxarılmalıdır, belə konsorsium isə bunu etməyə imkan verir".

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi cümə axşamı deyib ki, Tehran "Buşəhr" AES-in, gələcəkdə isə digər atom-elektrik stansiyalarının işini təmin etmək üçün Moskvaya nüvə yanacağının istehsalına dair konsorsiumun yaradılması təklifli ilə müraciət edib. Rusiyanın atom sahəsindən bildiriblər ki, bu təşəbbüsü yalnız "Buşəhr" AES-in istismara verilməsindən sonra müzakirə etmək olar, lakin uran yalnız Rusiyada zənginləşdirilməlidir. Hazırda Moskva bu təklifi nəzərdən keçirir.

Yevseyevin fikrincə, konsorsium ideyası çox perspektivlidir. Çünki İran tərəfdən ötən il oktyabrın 1-də irəli sürülən və Tehrandakı nüvə reaktoru üçün o zaman İranda olan AZU-nun 70 faizinin mübadiləsindən ibarət olan təklif müvəqqəti xarakter daşıyır.

"Əgər İran AZU-nu istehsal etməyə davam etsə (indi etdiyi kimi), bu təklif artıq yazda payızdakı kimi çəkiyə malik olmayacaq. Çünki İran yazda 2 ton AZU-ya malik olacaq ki, bu da artıq 50 faiz təşkil edir", - o deyib.

Ötən ilin oktyabrında irəli sürülən plana görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) vasitəçiliyi ilə İrana məxsus AZU (3,5 faiz), demək olar, 20 faizədək zənginləşdirilmək üçün Rusiyaya, daha sonra isə Tehrandakı tibbi reaktor üçün yanacaq istehsal etmək məqsədilə Fransaya göndərilməli idi.

BAEA-nın təşəbbüsünə görə, İrana satışı planlaşdırılan xarici nüvə yanacağı üçün əsas material Nətənzdəki müəssisədə istehsal olunan və İranın bütün mövcud ehtiyatlarının 80 faizini təşkil edən 1,2 ton AZU (ekspertlərin hesablamalarına görə, 1 500 kq) olmalı idi. Lakin hazırda İranın ehtiyatları 3,5 faizlik 2 200 kq urandan ibarətdir.

"AZU-nu, məsələn, Türkiyədə saxlamaq üçün çıxarmaq olardı", - Yevseyev deyib. - "Lakin nə qalıbsa, ondan tamzənginləşdirmə aparıldıqdan sonra, birdən artıq nüvə silahı yaratmaq üçün kifayət edir. Bu baxımdan, yanacaq mübadiləsi üzrə təklif prinsipial xarakter daşımır və problemi həll etməyə imkan vermir, onu yalnız müəyyən müddətə təxirə salır".

Rusiyalı ekspertin fikrincə, bu konsorsium yalnız İranda toplanan AZU-dan istifadə etməlidir. Əks halda, onun heç bir mənası yoxdur.

"Rusiyanın AZU hazırlayıb nüvə yanacağının hazırlanması üçün İrana göndərməsinə dair yanaşma Qərbi qane etmir", - Yevseyev bildirib. - "Əgər İranın malik olduğu AZU-dan istifadə olunarsa və harasa göndərilərsə, onda belə qərar Qərb üçün maraqlı olar".

O hesab edir ki, belə olan halda, iki ciddi problem meydana çıxır: İranın iri təbii uran ehtiyatlarına malik olmaması və gəlirlilik məsələsi.

"İran iri təbii uran ehtiyatlarına malik deyil", - Yevseyev bildirib. - "Belə çıxır ki, əgər  konsorsium yaradılarsa, onun təməli yoxdur. Hansısa vaxt ərzində İranın malik olduğu urandan istifadə etmək olar, lakin bu ehtiyatlar kiçikdir, onlar gücü 1 gbt olan sənaye təyinatlı reaktorun 10 il işləməsinə kifayət edər".

Onun fikrincə, belə sual yaranır ki, konsorsium hansı baza əsasında yaradılır, daha doğrusu, təbii uran haradan əldə olunacaq?

1929 saylı qətnamə İrana xaricdə təbii uranın işlənməsinə sərmayə qoymağı və ya onda iştirak etməyi qadağan edir.

"Hər halda, bunun iqtisadi layihə olduğunu nəzərə alsaq, ikinci problem gəlirlilik məsələsidir", - Yevseyev bildirib. - "İndi Rusiya müxtəlif yerlərdə nüvə yanacağının istehsalı üzrə hansısa müəssisənin yaradılması imkanlarını nəzərdən keçirir. Belə bir müəssisənin rentabelli olması üçün o, məsələn, Buşəhr tipli səkkiz reaktor üçün işləməlidir".

Lakin onun fikrincə, indi bütün Yaxın Şərqdə Buşəhr AES yeganə enerji reaktorudur, onda belə müəssisənin regionda tikilməsi qeyri-rentabelli olacaq.

Buşəhrdəki Atom-Elektrik Stansiyasının inşasına 1970-ci illərdə Qərbi Almaniyanın "Kraftwerk Union" şirkəti tərəfindən başlanılıb və 1980-ci ildə o, ABŞ-ın İrana qarşı qoyduğu sanksiyaları dəstəklədiyinə görə müqaviləni dayandırıb. 1990-cı illərin ortalarında Rusiya şirkəti "Atomstroyeksport" stansiyanın tikintisi ilə bağlı İranla müqavilə imzalayıb.

"Ona görə də əgər rentabelliliyin o qədər də önəm daşımadığı, AZU-nun çıxarılmasının əsas məqsəd olduğu siyasi qərar qəbul edilərsə, sual yaranır: uran hara ixrac olunmalıdır?" - Yevseyev bildirir. - "Məsələn, Türkiyəyə, lakin orada hələ reaktor yoxdur. Əgər Avropaya ixrac olunarsa, onda elə alınır ki, bir regionda istehsal olunur, digərinə ixrac edilir. Birmənalı şəkildə rentabellilik olmayacaq. Lakin siyasi qərar kimi bu mümkündür".

O hesab edir ki, bu iki problem konsorsiumun yaradılmasına mane olacaq.

Yevseyevin fikrincə, konsorsiumun yaradılma ideyası daha çox siyasi qərar olarsa, onda o mümkündür. Çünki "Hazırda İranın nüvə proqramını dinc vasitələrlə dayandırmaq mümkün deyil; ona görə də onu hansısa çərçivəyə salmaq lazımdır ki, ciddi təhlükə törətməsin".

"İranın xeyli AZU ehtiyatları topladığı, həm də tamzənginləşdiriləcəyi halda, onun 2-3 nüvə silahı yaratmağa kifayət edəcək qədər olduğu nəzərə alınarsa, onda hansısa şəkildə bu AZU-nu İrandan ixrac etmək lazımdır", - o bildirib.

Onun fikrincə, İranda toplanan AZU, məsələn, Buşəhr AES-də istifadə oluna bilər.

"Belə olan halda, bu yanacağın hara aparılacağı aydın olardı", - o deyib. - "Rusiya, həqiqətən, reaktor üçün nüvə yanacağı istehsal edən müəssisə yarada bilər və özü də onu sertifikatlaşdıra bilər. Bu, AZU-nu istifadədən çıxarmağa, nüvə yanacağına çevirməyə və sonra onu Rusiyaya ixrac etməyə imkan verər".

Yevseyevin fikrincə, belə olan halda sual bundan ibarətdir ki, Rusiyanın ixrac üçün hüququ olacaq, ya yox?

"Onun ixrac olunması Rusiya üçün prinsipialdır", - o bildirib. - "Əgər İran ixraca razı olarsa, onda problem öz-özünə həll ediləcək, çünki belə halda zəncir xətti aşağıdakı kimi görünür: AZU istehsal olunur, sonra yanacaq istehsal edilir, yanacaq reaktorda işlənir. Sonra işlənmiş yanacaq İrandan çıxarılır".

Lakin Yevseyevin fikrincə, bu cür zəncir xətti belə şəkildə işləməyə bilər. "Öz-özlüyündə ideya çox perspektivlidir", - o deyib. - "Lakin mən onun həyata keçirilməsində artıq problemlər görürəm".

Ekspert güman edir ki, işlənmiş yanacağın İrandan daşınmasının çətinliyi ondan ibarətdir ki, İran ərazisində utilizə olunacaq bu yanacaq formal surətdə İrana məxsusdur, lakin onun işlənmiş nüvə yanacağının emalı üzrə güclü zavodları yoxdur.

Ekspert hesab edir ki, Qərb işlənmiş nüvə yanacağının emalı üzrə hansısa müəssisənin yaradılmasının qəti əleyhinə olacaq, çünki bu, plutonium bombasının istehsalına gətirib çıxara bilər.

"Rusiya aşağıdakıları təklif edə bilər:

- nüvə yanacağının reaktordan keçməsindən sonra o, RF ərazisinə gətirilir, orada özü onu emal edir, ondan təkrar istifadə oluna biləcək nə varsa çıxarır və əldə olunan materialı nüvə yanacağı istehsal olunmaq üçün İran ərazisinə göndərir", - o bildirib. - "Belə sxem az və ya çox dərəcədə realdır, lakin rentabelli deyil".

Onun sözlərinə görə, belə olacağı təqdirdə, İranın milli hüquqları heç bir halda pozulmur və dünya birliyi İran tərəfinin özünün plutonium istehsal etməyəcəyinə və nüvə silahının istehsalı üçün toplamayacağına əmin olacaq.

Nüvə məsələləri üzrə ekspert Reza Təğizadə (Reza Taghizadeh) də hesab edir ki, konsorsiumun yaradılması məsələsi vacib deyil; vacib olan uranın İran ərazisində zənginləşdiriləcəyi və ya onun ixrac olunmasıdır.

"Bu təklif təzə deyil, o, bundan əvvəl edilən təkliflərin təkrarıdır", - Qlazko Universitetinin professori Təğizadə telefonla Trend-ə bildirib. - "İran buna qədər də Rusiya və ABŞ daxil olmaqla, digər ölkələri İran ərazisində uranın zənginləşdirilməsi üzrə konsorsiumun yaradılmasına dəvət etmişdi".

Onun sözlərinə görə, buna qədər Rusiya konsorsiumun yaradılmasında iştirak etməyi və uranın zənginləşdirilməsini İrandan kənarda həyata keçirməyi təklif etmişdi, lakin o, uranın öz ərazisində zənginləşdirilməsinə üstünlük vermişdi.

Hazırda Rusiya TŞ-in katibi İqor İvanov tərəfindən 2005-ci ilin noyabrında Tehranda edilən təklif bundan ibarət idi ki, uranın zənginləşdirilməsi İrandan kənarda aparılacaq. Lakin 2005-ci ilin noyabrında Tehran zəruri AZU ehtiyatlarına malik deyildi, ona görə də onun istifadə olunması haqqında danışmağa imkan yox idi. Bundan əlavə, həmin məqamadək istehsal prosesi təcrübə xarakteri daşıyırdı. O vaxt Rusiya konsorsiumun İran ərazisində yaradılmasını istəyir və İranın orada iştirakını təklif edirdi. İran qəti şəkildə bundan imtina etdi.

"Konsorsium yaradılacaqmı və ya uran fərdi şəkildə İran ərazisində zənginləşdiriləcək - BMT Təhlükəsizlik Şurası BAEA və ABŞ buna razı olmayacaq", -Təqizadə bildirib. - "Hələlik İranın mövqeyində hansısa əsaslı dəyişiklik yoxdur, Salehinin sözləri isə yalnız bundanəvvəlkilərin təkrarıdır".

İran siyasəti üzrə avropalı ekspert Ruzbeh Parsinin (Rouzbeh Parsi) fikrincə, İranın uranın zənginləşdirilmə imkanları Qərb ölkələri üçün əsas problem təşkil edir.

"Əgər konsorsium uranın İran ərazisində zənginləşdirilməsinə yol açarsa, onda bu, problematik olsa da, qarşısıalınmaz olmayacaq", - Aİ Təhlükəsizliyin Araşdırılması İnstitutunun (EUISS) analitiki Parsi Parisdən elektron poçtla Trend-ə bildirib. - "Nüvə yanacağının təhlükəsiz olması və nüvə materialının mülki atom elektrik stansiyaları üçün lazımi səviyyədən artıq zənginləşməyən olduğunu təsdiqləyən protokolun hazırlanması məsələsi yarana bilər".

O hesab edir ki, bu, həmin proseslə bağlı etimadın təmin olunması üçün Rusiya və ABŞ arasında danışıqların mövzusu olacaq.

Yevseyevin sözlərinə görə, ideya öz-özlüyündə yaxşı ideyadır, lakin onun həyata keçirilməsi, ilk növbədə, İranın günahı üzündən son dərəcə çətin olacaq.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti