...

Azərbaycanın Kanadadakı səfiri Vankuver şəhərində işgüzar səfərdə olub (FOTO)

Siyasət Materials 21 Sentyabr 2010 04:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Kanadadakı səfiri F.Şəfiyev 14-18 sentyabr 2010-cu il tarixlərində Vankuver şəhərində (Britaniya Kolumbiyası əyaləti) işgüzar səfərdə olub. Bu barədə məlumatı Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən veriblər
Azərbaycanın Kanadadakı səfiri Vankuver şəhərində işgüzar səfərdə olub (FOTO)

Azərbaycan, Bakı 21 sentyabr /Trend/ 

Azərbaycan Respublikasının Kanadadakı səfiri F.Şəfiyev 14-18 sentyabr 2010-cu il tarixlərində Vankuver şəhərində (Britaniya Kolumbiyası əyaləti) işgüzar səfərdə olub. Bu barədə məlumatı Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən veriblər.
 
Səfər çərçivəsində səfir Britaniya Kolumbiyası əyalətinin kiçik biznes və iqtisadi inkişaf naziri Ian Black, nazir müavini Don Fast, Vankuver şəhər meriyasının rəsmiləri, şəhərin Ticarət Şurasının direktoru Grayden Hayward və Vankuver İqtisadi Əməkdaşlıq Komissiyasının direktoru  John Tylee görüşlər keçirmişdir. Görüşlər zamanı tərəflər arasında Azərbaycan ilə Britaniya Kolumbiyası Əyaləti, o cümlədən Vankuver şəhəri arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur.

Həmçinin, səfər zamanı səfir Vankuverdə yerləşən Britaniya Kolumbiyası Universitetində (University of British Columbia - UBC) olmuşdur. Universitetin məsul əməkdaşları ilə görüş zamanı tərəflər UBC ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibliyi vurğulanmışdır.

Səfər zamanı səfirliyin və Kanada-Avrasiya-Rusiya Biznes Assosiasiyasının birgə dəstəyi və Vankuver şəhərində fəaliyyət göstərən bir neçə kiçik və orta müəssisə rəhbərlərinin iştirakı ilə Azərbaycanın iqtisadiyyatı və investisiya imkanlarının təqdimatı keçirilmişdir. Təqdimat zamanı səfir F.Şəfiyev çıxış edərək, ölkəmizdə həyata keçirilən mühüm iqtisadi layihələr və mövcud olan biznes imkanları haqqında geniş məlumat vermişdir.

Bununla yanaşı, səfər çərçivəsində səfir F.Şəfiyev Britaniya Kolumbiyası Əyalətinin ikinci ən böyük şəhəri olan Surrey şəhərində olmuşdur. Səfər zamanı səfir qeyd olunan şəhərin Ticarət Şurasının prezidenti Nigel Watkinson, şəhər bələdiyyəsinin nümayəndələri və işgüzar dairələri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı ikitərəfli işgüzar əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Həmçinin, səfər zamanı səfir F.Şəfiyev Vankuver şəhərində yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan diasporunun Vankuverdəki fəaliyyəti, konsulluq-hüquq məsələləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, səfər çərçivəsində səfir F.Şəfiyev Vankuverdə fəaliyyət göstərən CKNW radiosuna müsahibə vermişdir. Müsahibə zamanı səfir tərəfindən ölkəmizdə dini tolerantlıq və digər sahələrdə əldə edilmiş uğurlar haqqında məlumat vermişdir.

Xəbər lenti

Xəbər lenti