...

Parlament seçkilərində vahid seçki-təşviqat kampaniyası aparılacaq – Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 23 Sentyabr 2010 11:27 (UTC +04:00)
"Bizim müəyyənləşdirdiyimiz hədəflərə uyğun şəkildə, seçdiyimiz mesajlara uyğun olaraq, vahid seçki-təşviqat kampaniyamız olacaq".
Parlament seçkilərində vahid seçki-təşviqat kampaniyası aparılacaq – Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası Parlament seçkisində vahid seçki-təşviqat kampaniyası aparacağını açıqlayıb.

"Bizim müəyyənləşdirdiyimiz hədəflərə uyğun şəkildə, seçdiyimiz mesajlara uyğun olaraq, vahid seçki-təşviqat kampaniyamız olacaq", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet-saytına açıqlamasında YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Seçki-təşviqat kampaniyasına oktyabrın ortalarından başlanılacaq.

Əhmədov deyib ki, əlbəttə, namizədlər, seçki dairələri müxtəlifdir.

"Bu və ya digər dərəcədə hər bir seçki dairəsinin ərazisində spesifik şərtlər və şəraitlər var. Bütün bunların hamısı ondan xəbər verir ki, ayrı-ayrı yerlərdə seçki reallıqları mütləq şəkildə nəzərə alınmalıdır. Bu kampaniya bütün dairələr üzrə hər bir namizədimiz tərəfindən həyata keçiriləcək. Seçki təşviqatının bütün məqamları bu ümumi parametrləri özündə əks etdirəcək", - Əhmədov əlavə edib.

Əhmədov bildirib ki, YAP-ın çox böyük resursları var.

"Bu resursların qarşıdan gələn Parlament seçkilərində səfərbər edilməsi irəli sürdüyümüz namizədlərin hər birinin uğur qazanmasına əhəmiyyətli kömək göstərə bilər. Ona görə də seçki kampaniyamızın vahid strategiya və bundan irəli gələn taktika əsasında həyata keçirilməsinə üstünlük veririk", - Əhmədov deyib.

Partiya funksioneri deyib ki, ayrı-ayrı seçki dairələrində nəzərə alınması tələb olunan xüsusiyyətlər də mütləq şəkildə göz önünə alınacaq. Əks halda, ümumi prinsipləri konkret şəraitdə həyata keçirmək kimi vacib vəzifənin öhdəsindən gəlmək mümkün olmaz.

"Beləliklə, ümumi hədəflər, bu hədəflərə çatmaq üçün ümumi müəyyənləşdirilmiş startegiya və həmin startegiyanın hər bir namizəd tərəfindən ayrı-ayrı dairələrdə həyata keçirilməsi bizim bütövlükdə seçki kampaniyamızın ümumi mahiyyətini təşkil edir", - o bildirib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir. YAP hazırda Azərbaycan Milli Məclisində 48 deputat ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti