...

Azərbaycan nümayəndəsi BMT-nın xalqların öz müqəddəratını təyinetmə hüququ üzrə müzakirələrdə iştirak etmişdir

Siyasət Materials 4 Noyabr 2010 05:33 (UTC +04:00)
Bazar ertəsi və çərşənbə günlərində BMT-nın Baş Assambleyasının Sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində “Xalqların öz müqəddəratını təyinetmə hüququ” üzrə müzakirələr keçirilib.
Azərbaycan nümayəndəsi BMT-nın xalqların öz müqəddəratını təyinetmə hüququ üzrə müzakirələrdə iştirak etmişdir

Bazar ertəsi və çərşənbə günlərində BMT-nın Baş Assambleyasının Sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində "Xalqların öz müqəddəratını təyinetmə hüququ" üzrə müzakirələr keçirilib. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin cümə axşamı yaydığı məlumatda bildirilib.
Müzakirələrdə, Azərbaycan da daxil olmaqla otuz yeddi üzv dövlətlərin nümayəndələri çıxış edib. Çıxışların əksəriyyətində xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğal altında olan xalqlar da daxil olmaqla, əsarət və istibdad altında olan xalqlara şamil edilməsi qeyd edilib. Xalqların öz müqəddəratını təyinetmə hüququna münasibətdə beynəlxalq və dövlətdaxili hüquqda müəyyən hədlərin olması, müstəqil dövlətlərdən birtərəfli ayrılmanın beynəlxalq hüquqa uyğun olmadığı vurğulanıb. Bu hüququn gücdən qeyri-qanuni istifadə etməklə və beynəlxalq hüququn əsas xarakterli (jus cogens) normalarını pozmaqla həyata keçirilməsinin qəbuledilməz olması vurğulanıb.

Azərbaycan adından edilmiş çıxışda qeyd olunan ümumi məqamlar və normativ əsaslarla yanaşı, bu hüququn qeyri-düzgün və kobud təfsiri hallarına rast gəlindiyi qeyd edilib. Bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, gücdən istifadə etmə və etnik təmizləməni həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməz olması bildirilib. Bu cür mövqenin beynəlxalq hüquqa və məsələ üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması barədə məlumat verilib.

Çıxış edən üzv dövlətlərin nümayəndələri sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət Ermənistan olub. Azərbaycana qarşı ərazi iddialarını bildirən Ermənistan nümayəndəsi öz ölkəsinin növbəti dəfə BMT Nizamnaməsi və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsiz yanaşmasını nümayiş etdirib. Bu cür təcavüzkar və qeyri-konstriktiv mövqe üzv dövlətlərin əsaslı narazılığına səbəb olub.

Buna cavab olaraq müvafiq qaydada Azərbaycan adından, müharibənin başlamasına görə məhz Ermənistanın məsuliyyət daşıması, həmin müharibə zamanı onun tərəfindən müxtəlif ciddi xarakterli beynəlxalq cinayətlərin törədilməsi və bu faktları əsaslı dəlillərin sübuta yetirdiyi diqqətə çatdırılıb. Həmçinin, Ermənistanın iddia etdiyi "öz müqəddəratını təyinetmə hüququ"nun BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz gücdən tətbiq etmək kimi qiymətləndirildiyi xüsusilə vurğulanıb. Nəticə etibarı ilə davamlı sülhə və sabitliyə nail olunması üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyması və bütün region dövlətləri ilə sivil münasibətlər qurması ilə bağlı çağırış edilib.

Xəbər lenti

Xəbər lenti