...

İlham Əliyev Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 11 Noyabr 2010 20:54 (UTC +04:00)
Prezident İlham Əliyev cümə axşamı Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib.
İlham Əliyev Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanış olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəstəxananın ikimərtəbəli əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır.

Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binalarının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.

Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda, qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradacaqdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Doğum şöbəsi də birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri fəaliyyət göstərəcəkdir. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Bildirildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı, generator, paylayıcı elektrik qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılmışdır. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilmişdir.

Xəstəxananın baş həkimi Gülnar Abbasova dövlətimizin başçısına kollektiv adından dərin minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Ağdam rayon mərkəzi xəstəxanasının kollektivinə uğurlar arzuladı. 

Foto- www.azertag.com

Xəbər lenti

Xəbər lenti