Azərbaycan, Bakı, 26 noyabr /Trend/
İranın Azərbaycanla bağlı siyasətində son neqativ dəyişikliklərin Ermənistanın həmsədr dövlətlər tərəfindən ciddi diplomatik təzyiqə məruz qalması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Bunu cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
"İranın Azərbaycanla bağlı siyasətində son neqativ dəyişikliklərin Ermənistanın Qərb dövlətləri tərəfindən ciddi diplomatik təzyiqə məruz qalması ilə eyni vaxta düşməsini təsadüfi hesab etmirik. ATƏT-in Minsk qrupu həmsədrləri imzalanmış sənəddə Ermənistana "işğalçı" dedikləri halda, İran Prezidenti və digər rəsmiləri "işğal" sözünü dillərinə gətirə bilmirlər", -Əhmədoğlu deyib.
Politoloqun fikrincə, bu, Azərbaycanın İranı müdafiə etməsinin Prezident Mahmud Əhmədinejad tərəfindən etiraf olunması ilə qəribə təzad təşkil edir.
"Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevə İran xalqını müdafiə etməklə bağlı şücaətli mövqeyinə görə minnətdarlığını bildirdi. Azərbaycan ABŞ və Rusiya kimi nəhənglərin qarşısında İranı müdafiə edə bildiyi halda, İranın Azərbaycanı Ermənistanın qarşısında müdafiə edə bilməməsi səbəbləri normal məntiqlə başa düşülmür. Qərbin Ermənistana diplomatik təzyiqinin Ermənistan üçün ağrısını İran Azərbaycana təzyiq etməklə azaldır. İranın Ermənistana verdiyi dəstək antiqərb olmaqla yanaşı, ilk növbədə antirusiya mahiyyəti daşıyır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son təkliflərinə Ermənistanın etirazı bu kontekstdən daha asan başa düşülür", - politoloq deyib.
Əhmədoğlunun fikrincə, "üzdə dost, arxada düşmənçilik" prinsipi, görünür İranın indiki siyasətçiləri üçün islam və ədalət prinsiplərindən daha vacibdir.
Politoloqun fikrincə, Bakıda Ələt dəniz limanının təməlqoyma mərasimində İran İslam Respublikasının Bakıdakı səfirinin zəruri ehtiyac və dəvət olmadan həmin mərasim üçün mühüm şəxslər arasında peyda olması da İranın Azərbaycan siyasətinin qəribəliklərindəndir.
"Dəvətsiz yerə gəlməklə İran səfiri Azərbaycanda İranın üstün rolunun rəsmi Bakı tərəfindən qəbul olunduğunu təqdim etmək niyyətindəymiş", - Əhmədoğlu əlavə edib.
"İranın Azərbaycanla bağlı siyasətində son zamanlar yeni proseslər başlanıb. İran və Azərbaycan prezidentlərinin görüşünün dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklər yaratdığını deyən İran rəsmiləri Xəzər dənizinin bölünməsi üzrə Azərbaycanla Qazaxıstan və Azərbaycanla Rusiya arasında imzalanmış müqavilələri tanımadıqlarını bildiriblər. Eyni zamanda, bu rəsmilər Azərbaycan Respublikası vətəndaşlarının İranda səfərdə olarkən öz qohumlarının evində qalmasını qadağan edən qərar qəbul etməyə hazırlaşırlar; musiqiçilərin İran Azərbaycanındakı toylarda iştirakını əngəlləyirlər", - Əhmədoğlu deyib.