...

Rumıniya Azərbaycanda NATO nümayəndəliyi funksiyasını yerinə yetirməyi davam etdirəcək

Siyasət Materials 20 Dekabr 2010 12:58 (UTC +04:00)
Rumıniyanın Azərbaycandakı səfirliyi 2011-ci ildə Azərbaycanın NATO ilə münasibətlərində əlaqə nümayəndəliyi funksiyasının yerinə yetirilməsi üzrə mandat alıb.
Rumıniya Azərbaycanda NATO nümayəndəliyi funksiyasını yerinə yetirməyi davam etdirəcək

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/

Rumıniyanın Azərbaycandakı səfirliyi 2011-ci ildə Azərbaycanın NATO ilə münasibətlərində əlaqə nümayəndəliyi funksiyasının yerinə yetirilməsi üzrə mandat alıb.

"Səfirlik artıq fəaliyyət planı hazırlayıb. Yaxın vaxtlarda NATO mənzil-qərargahı planı təsdiqləyəcək. Ümid edirik ki, ikinci mandat çərçivəsində fəaliyyətimiz 2010-cu ildəki kimi səmərəli olacaq", - Rumıniyanın Azərbaycandakı səfiri və NATO-nun əlaqələndiricisi Nikolaye Ureke bildirib.

Bu il Rumıniya səfirliyi Azərbaycanda NATO-nun əlaqə nümayəndəliyi funksiyasını yerinə yetirib.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında" fərman imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Səfirlik NATO-nun əlaqə nümayəndəliyinin birinci mandatı çərçivəsində Azərbaycanda hakimiyyət və vətəndaş cəmiyyətindən dəstək alıb. Bu barədə səfir bazar ertəsi "NATO-nun yeni strateji konsepsiyası: Regional çağırışlar və tərəfdaşlıq" konfransında bildirib.

Konfrans Rumıniyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası ilə birgə təşkil olunub.

Konfransda deputat Rasim Musabəyov bildirib ki, Azərbaycan NATO-nun bütün tərəfdaş ölkələri kimi alyansdan öz təhlükəsizliyini tələb etmək hüququna malikdir.

Onun sözlərinə görə, Azərbaycan NATO-nun Lissabon sammitinin yekunlarını dəstəkləyib. Çünki alyansın qəbul etdiyi qətnamə Cənubi Qafqazda mövcud olan bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir.

NATO sammiti noyabrda Lissabonda keçirilib. İkigünlük sammitdə iştirakçı ölkələrin liderləri alyansın fəaliyyətinin prioritetlərini və onun müqavimət göstərdiyi 21-ci əsrin təhdidlərini müəyyən edən sənəd - yeni strateji konsepsiya qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti