...

Azərbaycan və İordaniya əməkdaşlıq məsələlərini müzakirə edəcəklər – səfir

Siyasət Materials 21 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan hökuməti və İordaniya ticari-iqtisadi əməkdaşlığın inkişafı üzrə danışıqlara hazırlaşırlar.
Azərbaycan və İordaniya əməkdaşlıq məsələlərini müzakirə edəcəklər – səfir

Azərbaycan, Bakı, 20 deklabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan hökuməti və İordaniya ticari-iqtisadi əməkdaşlığın inkişafı üzrə danışıqlara hazırlaşırlar.

Danışıqlar gələn ilin fevralında və ya aprelində Bakıda İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında aparılacaq. Bu barədə Trend-ə bazar ertəsi telefonla Əmmandan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Bir müddət əvvəl iclasın dekabrın 23-24-də keçirilməsi planlaşdırılmışdı, lakin İordaniya tərəfinin xahişi ilə iclas gələn ilin fevral və ya aprelinə keçirildi. Səfirin sözlərinə görə, bu, İordaniya hökumətinin yeni fəaliyyət proqramının bu yaxınlarda seçilən ölkə parlamentində müzakirələri ilə bağlıdır.

Noyabrda İordaniyada parlament seçkiləri keçirilib. Parlament seçkilərində Baş nazir Samir əl-Rifayinin hökumətini dəstəkləyən müstəqil namizədlər və mərkəzçilər qalib gəliblər. Kral II Abdullaya yaxın olan və hazırkı hökuməti təşkil edən partiyalar yeni parlamentdə yerlərin əksəriyyətini qazanıblar.

Səfir Trend-ə müsahibəsində bildirib ki, ticari-iqtisadi münasibətlərin inkişafı üçün hər iki tərəf kifayət qədər potensiala malikdir və ən başlıcası əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq mövcuddur və onun perspektivlərinə komissiyanın qarşıdakı iclasının gedişində baxılacaq.

Qısa müddət ərzində Azərbaycanla İordaniya arasında möhkəm müqavilə-hüquq bazası yaranıb. Araslı qeyd edib ki, 2006-cı ildən 30-dan artıq hökumətlərarası və idarələrarası sazişlər bağlanıb və onlar müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyət sahələrinin geniş dairəsini əhatə edirlər.

Hökumətlərarası komissiyanın ilk iclası 2009-cu ilin fevralında Əmmanda keçirilib.

Bu gün artıq Azərbaycan bazarında əsasən qida, əczaçılıq sahələrində fəaliyyət göstərən ondan artıq İordaniya şirkətinin məhsulları təqdim olunur. Bu yaxınlarda Azərbaycan şirkətlərindən biri kənd təsərrüfatı məhsullarının idxalı sahəsində iordaniyalı tərəfdaşlarla fəal əməkdaşlığa başlayıb.

"Ümumilikdə, iki ölkə arasında mal dövriyyəsinin səviyyəsi hələlik yüksək deyil, lakin artıq bir neçə ildir ki, göstəricilərdə sabit artım müşahidə olunur. Belə ki, bizdə olan məlumatlara görə, təkcə ötən il mal dövriyyəsində artım göstəricisi ən azı 40 faiz təşkil edib", - diplomat deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanla İordaniya arasında mal dövriyyəsi yanvar-avqustda 1,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti