Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir S.Ağayeva/
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis martın 14-də Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbə məlumat verib.
Bu, Litvanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfəri olacaq. Səfər zamanı Azərbaycan tərəfi ilə həm ATƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir, mənbə bildirib.
Danışıqlarda əsas diqqət Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, münaqişənin həllində Litvanın ATƏT-in sədri kimi səylərinə yönəldiləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.