Azə rbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Tarıverdiyeva/
Ermənistanda sosial xarakterli çıxışların hazırlanmasına təəccüblənməyə dəyməz, çünki ölkədə vəziyyət gərgindir və ölkə çoxlu sayda sosial və iqtisadi problemlərlə üzləşib. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıqov belə hesab edir.
"Hazırkı mitinqlər seriyası Ermənistanda böyük dəyişikliklərin başlanğıcı ola bilər. Hər ehtimala qarşı, ölkənin xarici siyasət kursunda", - Sadıqov Trend-ə bildiirb.
Fevralın 18-də Yerevanda 2011-ci ildə ilk mitinqin keçirilməsi planlaşdırılıb. Mitinq Yerevanın mərkəzində keçiriləcək. RİA Novosti yazır.
Ermənistanın müxalifət qüvvələrindən biri olan Ermənistan Milli Konqresi (EMK) aksiyalar məqsədilə əhalinin geniş şəkildə xəbərdar edilməsi kampaniyası aparır. Müxalifət hökuməti kiçik və orta sahibkarlığa təzyiq göstərməkdə və qiymətlərin "qanunsuz" artırılmasında günahlandırır.
Bundan əlavə, müxalif qüvvələr Ermənistan Prezidenti Serj Sarkisyanın istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək fikrindədir.
Sadıqovun sözlərinə görə, son vaxtlar Ermənistan əhalisinin sayı kəskin azalıb, böyük sayda insan ölkəni tərk edərək məvacib dalınca başqa ölkələrə üz tutur, əhalinin həyat səviyyəsi kəskin aşağı düşüb.
"Ermənistan heç bir qlobal regional layihədə iştirak etmir, regionun həyatında yalnız müşahidəçi mövqeyini tutur, - o deyib. - Bu, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsnin nizamlanması məsələsində obstruksiyaçı mövqe tutması üzündən baş verir".
Ekspertin sözlərinə görə, elə təəssürat yaranır ki, bu məsələlərdə Ermənistan hakimiyyətinin inadkarlığı ölkəni gələcəkdə hansı fəlakətin gözlədiyini anlamamasından irəli gəlir.
"Bununla yanaşı aydındır ki, bugünkünə oxşar çıxışlar zaman-zaman sistemli xarakter alacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda Serj Sarkisyan başda olmaqla, hakimiyyətdəki Qarabağ "klanı"nı qəbul etməyən yekdil sistemli müxalifət mövcuddur", - Sadıqov bildirib.
Son nəticədə, onun sözlərinə görə, bu, hakimiyyət dəyişikliyinə də gətirib çıxara bilər.
"Bu o demək deyil ki, hakimiyyətə kimlər gələrsə, onlar Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə gedəcəklər. Bu məsələdə hakimiyyətin strategiyası dəyişməsə də, onda ən azı siyasi hakimiyyətdə müəyyən irəliləyişlərin olacağını ehtimal edən hərəkətin taktiki xəttində dəyişikliyə ümid etmək olar", - Sadıqov bildirib.
"Yeni hakimiyyəti buna həyatın özü, Ermənistanın üzləşdiyi problemlər itələyə bilər, - ekspert hesab edir. - Əks halda artıq uzun illərdir ölkədə mövcud böhranlı vəziyyət davam edəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.