...

Sabiq funksioner Müsavat Partiyasını ictimai qınağa cəlb etməyə çağırır

Siyasət Materials 22 Fevral 2011 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının tədbirində nümayiş olunan videoçarxda keçmiş funksionerlərin görünməməsi ictimai qınağa cəlb olunmalıdır. Bu barədə çərşənbə axşamı Trend-ə Müsavat Partiyasının sabiq Məclis sədri Sülhəddin Əkbər bildirib.

"Mən bu məsələni cəmiyyətin dəyərləndirməsinə buraxmaq istəyirəm. İctimai fikir bu məsələyə daha düzgün qiymət verə bilər", - Əkbər əlavə edib.

Fevralın 19-da Müsavat Partiyasının 100 illiyinə həsr olunmuş tədbirdə nümayiş olunan videoçarxda sabiq müsavat funksionerlərinin görünməməsi kəskin narazılığa səbəb olub. Adil Qeybulla mətbuata verdiyi açıqlamasında Müsavatın ünvanına kəskin ittihamlar səsləndirib.

Müsavatın hazırkı Məclis sədri Arzu Səmədbəyli Sülhəddin Əkbərin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, burada hər hansı bir məna axtarmağa dəyməz. Səmədbəyli Sülhəddin Əkbərin və Adil Qeybullanın fikirlərini "xırda-para" adlandırıb.

"Bu cür xırda-para fikirləri nəzərə almasaq, bu tədbir son illərin ən möhtəşəm, Müsavatın 100 illiyinə yaraşacaq tədbir idi", - Səmədbəyli çərşənbə axşamı Trend-ə bildirib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik və liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti