Birinci absazdan sonra təfərrüatlar və bək-qraund əlavə olub (ilk xəbər saat 13:12-də yayılıb)
Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Tariverdiyeva/
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza hesab edir ki, Cənubi Qafqaz regionunda ən başlıca vəzifə Dağlıq Qarabağ münaqişəsinin həlli və bu regionda sülhün bərqərar olmasıdır.
"Regionda sülhün bərqərar olması baxımından Dağlıq Qarabağ münaqişəsinin həllndən daha vacib məsələ yoxdur", - Trend-in məlumatına görə, cümə axşamı Brayza jurnalistlərə bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Onun sözlərinə görə, bu məsələ ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin Azərbaycana səfərində diqqət mərkəzində olacaq.
Bununla yanaşı, səfir bildirib ki, Steynberq Azərbaycan tərəfi ilə korrupsiya ilə mübarizə məsələlərini müzakirə edəcək və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq fevralın 24-də Bakıya gələcək. Regiona səfərində Steynberqi dövlət katibinin köməkçisi Filipp Qordon müşayiət edəcək.
"ABŞ demokratiyanın irəliləməsi sahəsində siyasətini davam etdirəcək və bu gün biz şirkətlərin nümayəndələri ilə hamının iqtisadi artımdan faydanı hiss etməsi imkanlarını müzakirə edəcəyik", - Brayza Azərbaycan-ABŞ Ticarət Palatasının iclasında iştirak edərkən bildirib.