...

Azərbaycan XİN ölkə vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırır

Siyasət Materials 18 Mart 2011 12:05 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarınaYaponiyada yaranmış mürəkkəb vəziyyət barədə xəbərdarlıq edib və onları bu ölkəyə səfərlərdən imtina etməyə çağırıb.
Azərbaycan XİN ölkə vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarınaYaponiyada yaranmış mürəkkəb vəziyyət barədə xəbərdarlıq edib və onları bu ölkəyə səfərlərdən imtina etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Martın 11-də Yaponiyada dağıdıcı zəlzələ və onun ardınca baş vermiş sunamidən sonra ölkədə fövqəladə vəziyyət və radiasiya təhlükəsi yaranıb.

Bununla əlaqədar Azərbaycan XİN vətəndaşlardan bu ölkəyə səfərlərdən çəkinməyi xahiş edir.

Yaponiyada problemlərlə üzləşən Azərbaycan vətəndaşlarına kömək üçün Azərbaycanın Tokiodakı səfirliyinə müraciət etmək tövsiyə olunur.

Yaponiyada dağıdıcı zəlzələ və onun ardından baş vermiş sunami nəticəsində həlak olanların sayı, son məlumatlara görə, 6539 nəfərdir. Bu barədə "Kiodo" agentliyi polisə istinadən məlumat verib.

Martın 11-də Yaponiyanın şimal-şərq sahillərində 9,0 bal gücündə dağıcı zəlzələ baş verib. Yeraltı təkanlar hündürlüyü on metrdən çox olan və irimiqyaslı dağıntılara səbəb olan sunami yaradıb.

Yaponiyadakı vəziyyətlə əlaqədar burada müvəqqəti yaşayan və təhsil alan bəzi Azərbaycan vətəndaşları artıq bu ölkəni tərk ediblər və Vətənə qayıdıblar. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib.

O bildirib ki, səfirlik onlara lazımi köməyi göstərib.

Azərbaycanın diplomatik missiyası artıq Yaponiyada təhsil alan azərbaycanlı tələbələrə müraciət edib və onlara qayıtmaları üçün lazımi yardımı göstərməyə hazır olduğunu bildirib.

Səfirin sözlərinə görə, Yaponiyada müvəqqəti yaşayan və təhsil alan azərbaycanlıların sayı 50-dən çox deyil. Onlardan 30-a yaxını Tokioda, qalanları isə ölkənin digər şəhərlərində yaşayır.

Xəbər lenti

Xəbər lenti