...

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktı ilə bağlı beynəlxalq məhkəmədə cinayət işi başlana bilər

Siyasət Materials 29 Mart 2011 12:08 (UTC +04:00)
Azərbaycan Demokratik Respublikası dövründə - 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları araşdıran Fövqəladə Təhqiqat Komissiyasının sənədləri beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlanması üçün əsas ola bilər.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktı ilə bağlı beynəlxalq məhkəmədə cinayət işi başlana bilər

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Demokratik Respublikası dövründə - 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları araşdıran Fövqəladə Təhqiqat Komissiyasının sənədləri beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlanması üçün əsas ola bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda soyqırım ittihamı ilə beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlanması üçün həmin sənədlərin beynəlxalq məhkəməyə göndərilməsi ilə bağlı iş aparılır.

"Komissiyanın əldə etdiyi faktlar ermənilərin soyqırım siyasətini tam sübuta yetirir. Həmin komissiyanın araşdırmaları nəticəsində məlum olub ki, 36 cildlik, 3500 səhifəlik təhqiqat materialları arxivlərdə var", - Paşayev bildirib.

Arxiv sənədlərinin əksəriyyəti Bakıda həyata keçirilən, 7-si Şamaxıdakı soyqırıma həsr olunub. Sənədlərə görə, Bakıda qırğın zamanı öldürülən azərbaycanlıların sayı 11 mindən artıq olub, Şamaxı şəhərində 8 min, Şamaxı qəzasında 8 mindən çox azərbaycanlı öldürülüb. Qubada isə 16 min insan öldürülüb ki, onun 3 mindən çoxu yəhudi olub. Qubanın 262 kəndi məhv edilib, onlardan 35-i hazırda mövcud deyil.

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli hökuməti tərəfindən Gəncədə iki məqsədlə yaradılıb - birincisi, erməni silahlıları tərəfindən 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, 1918-19-cu illərdə isə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması, ikincisi toplanmış sənədlərin müxtəlif dillərdə - fransız, rus, ingilis, ərəb, türk dillərində nəşr olunması və beynəlxalq aləmin bu faciələr barədə məlumatlandırılması.

Xəbər lenti

Xəbər lenti