...

Bir sıra dünya ölkələrində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçirilib

Siyasət Materials 31 Mart 2011 19:13 (UTC +04:00)
Azərbaycan diasporunun təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçirilib.
Bir sıra dünya ölkələrində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Azərbaycan diasporunun təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin və onun Rusiyanın ayrı-ayrı bölgələrindəki regional təşkilatlarının keçirdikləri tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər pislənilib və dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməsi tələb olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan və Qazaxıstanda da yad edilib. Bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən anım mərasimləri, konfrans və "dəyirmi masa"larda 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində ermənilərin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutduqları barədə məlumat verilib. Tədbir iştirakçıları qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımızın, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlının qətlə yetirildiyinə, təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kəndin xarabazara çevrildiyi, 130 mindən artıq azərbaycanlının öldürüldüyünə dair tarixi faktlara söykənən dəlillər gətiriblər.

Avropanın bir sıra ölkələrində, o cümlədən Berlin və Drezden, Buxarest, Brüssel və Stokholmda keçirilən tədbirlərdə Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin bu gün də davam etdiyi vurğulanıb. Brüsseldə Azərbaycan diasporu Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirərək dünya birliyini Ermənistanın işğalçı siyasətinə, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə göz yummamağa çağırıb.

Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində də keçirilib. İqdırda Türkiyə Azərbaycan Dərnəyi və Türkiyə Strateji Araşdırmalar Mərkəzi TÜRKSAM-ın təşəbbüsü ilə baş tutan konfrans xüsusilə böyük rezonans doğurub. Azərbaycan və Türkiyə parlamentlərinin üzvlərinin, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, iki ölkə tarixçilərinin və digərlərinin iştirak etdiyi tədbirdə ermənilərin azərbaycanlılara və türklərə qarşı cinayətləri konkret fakt və statistik məlumatların əsasında diqqətə çatdırılıb.

31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə ABŞ-da da bir sıra tədbirlər keçirilib. ABŞ-dakı Azərbaycan diasporu məktub göndərməklə konqresmenlərə, yerli hakimiyyət orqanlarına erməni millətçilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətlə bağlı məlumat verib.

Xəbər lenti

Xəbər lenti