...

Müsavat Partiyasının qurultayının gecikməsinin əsas səbəbi bəlli olub

Siyasət Materials 19 Aprel 2011 13:11 (UTC +04:00)
Müsavat Partiyasının qurultayının gecikməsinin əsas səbəbi bəlli olub.
Müsavat Partiyasının qurultayının gecikməsinin əsas səbəbi bəlli olub

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının qurultayının gecikməsinin əsas səbəbi bəlli olub.

Partiyadakı mənbədən çərşənbə axşamı Trend-ə bildirilib ki, qurultayın keçirilməsini yubadan başlıca səbəb partiya funksionerlərinin başqanlıq uğrunda mübarizəsidir.

Mənbənin sözlərinə görə, partiyanın hazırkı başqanı İsa Qəmbər postundan gedəcəyini bəyan edib və buna görə də partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı ilə Məclis sədri Arzu Səmədbəyli arasında başqanlıq uğrunda mübarizə başlayıb. İki funksioner arasında yaranan konfliktin həll olunmaması partiyanın qurultayının vaxtının uzadılması ilə nəticələnir.

"Hər iki funksioner partiya daxilində güclü dayağa sahibdir. Onlar arasındakı konfliktin sülh yolu ilə həll olunmaması partiyanın parçalanması ilə də nəticələnə bilər", - mənbə qeyd edib.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu Trend-ə məsələ ilə bağlı açıqlamasında qurultayın gecikməsinə regionlarda konfransların təşkilində baş verən yubanmalar səbəb olduğunu bildirib.

Məsələ ilə bağlı Arzu Səmədbəylinin mövqeyini öyrənmək istəsək də, o məşğul olduğunu bildirərək açıqlama verməkdən imtina edib.

Müsavat başqanı İsa Qəmbər partiya Məclisinin ötən ilin dekabr ayında keçirilən sessiyasında partiya başqanlığından gedəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti