Məhbusların qaçmasına həbsxana əməkdaşları şərait yaradıb. Bunu Əfqanıstanın ədliyyə naziri Həbibullah Qalib ölkə Prezidenti Həmid Kərzaiyə təqdim etdiyi məruzədə deyib. Bu barədə Əfqanıstan Prezidenti Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildirilib.
Bazar ertəsi Qəndəharda 475 məhbus həbsxanadan qaçıb. Məlumata görə, məhbuslar həbsxananın divarlarından birinin altını qazaraq yeraltı suvarma xətti vasitəsilə qaçıblar. Həbsxanadan qaçan məhbusların 106-sı terror aktı törətməkdə və silahlı hücumların təşkilində ittiham olunan "Taliban" qruplaşmasının üzvüdür.
Qalib əlavə edib ki, məhbuslar saxlama kameralarının birindən qazılmış tunel vasitəsilə qaçıblar. "Yalnız 475 məhbusun həmin saxlama kamerasından qaçması göstərir ki, həbsxana əməkdaşları qaçış üçün şərait yaradıblar", - o deyib.
Qəndəhar həbsxanasında 1000-ə yaxın məhbus saxlanılır. Son illər ərzində həmin həbsxanadan məhbuslar bir neçə dəfə qaça biliblər.