Azərbaycan, Bakı, 11 may / Trend/
Los-Anceles dairəsinin rəhbərləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Azərbaycan tərəfinə təbrik məktubu göndəriblər.
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda Heydər Əliyevin anadan olmasının 88 illiyi qeyd olunub və tədbir zamanı Los-Anceles dairəsinin rəsmi məktubu təqdim edilib. Bu barədə Trend-ə Baş konsulluqdan məlumat verilib.
Yerli hakimiyyətin rəsmi nümayəndəsi öz çıxışında Azərbaycan-Amerika münasibətlərinin strateji xarakterini, Heydər Əliyevin ikitərəfli tərəfdaşlığın inkişafında rolunu, eləcə də Kaliforniyadakı mədəni müxtəliflikdə Azərbaycan icmasının xidmətlərini qeyd edib.
Tədbirdə həmçinin, Azərbaycanın Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və "Azerbaijan International" jurnalının yaradıcısı Piruz Xanlı da çıxış ediblər. Piruz Xanlı Heydər Əliyevin Azərbaycan mədəniyyətini dərindən anladığını və onun inkişafına böyük diqqət ayırdığını xüsusi qeyd edib.
Görüşdə Kaliforniyadakı Azərbaycan icmasının nümayəndələri və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş mədəni proqramla ABŞ-da olan azərbaycanlı musiqiçilərdən ibarət nümayəndə heyəti iştirak edib.