...

İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib - XİN

Siyasət Materials 16 May 2011 00:25 (UTC +04:00)
İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. Bunu bazar günü İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bilidirib, məlumatı İSNA agentliyi yayıb.
İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib - XİN

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Cəfərov/

İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. Bunu bazar günü İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bilidirib, məlumatı İSNA agentliyi yayıb.

Mehmanpərəst jurnalistlərin İranın Ermənistandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı ilə bağlı suallarını cavablandırarkən bilidirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Şənbə günü İranın Ermənistandakı səfirliyi bəyanatla çıxış edərək bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi dialoq, güc tətbiq etməmə və öz müqəddəratını təyin etmə hüququna hörmət əsasında nizamlanmalıdır". Ermənistan KİV-in məlumatına görə, səfirlik bəyanatında suverenlik və ərazi bütövlüyünə hörmət prinsipini sadalamayıb.

Mehmanpərəst həmçinin bildirib ki, İran münaqişənin həllində tərəflərə yardım etməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti