...

Azərbaycan müstəqilliyinin 20 illiyi və 28 May Respublika Günü münasibətilə Misirdə seminar keçirilib

Siyasət Materials 26 May 2011 13:37 (UTC +04:00)
Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və 28 may - Respublika Günü münasibətilə Misirin Qahirə Universitetində "Azərbaycanın müstəqillik yolu: əldə olunmuş nailiyyətlər və perspektivlər" mövzusunda seminar keçirilib.
Azərbaycan müstəqilliyinin 20 illiyi və 28 May Respublika Günü münasibətilə Misirdə seminar keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və 28 may - Respublika Günü münasibətilə Misirin Qahirə Universitetində "Azərbaycanın müstəqillik yolu: əldə olunmuş nailiyyətlər və perspektivlər" mövzusunda seminar keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib.

Seminarda Qahirə Universitetinin Siyasi və iqtisadi elmlər fakültəsi, Əl-Əzhar, Helvan və Ayn-Şəms universitetlərinin müəllim və tələbə kollektivi, yerli ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru doktor Pakinam Şərqavi müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının zəngin mədəni irsi və yüksək əxlaqı keyfiyyətləri haqqında məlumat verib. Şərqavi bu ilin aprelində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda olduğu müddətdə ölkənin sürətli və hərtərəfli inkişafının bir daha şahidi olduğunu qeyd edib və Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqda fəal rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Azərbaycanın tarixi və mədəniyyəti, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri haqqında ətraflı məlumat verib. Abdullayev 20 illik müstəqillik yolunda Azərbaycanın əldə etdiyi nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyev irsinə sadiq olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müstəqil Azərbaycanın inkişafında ən ciddi problem olduğunu deyən səfir Ermənistanın işğalçılıq siyasəti, erməni terrorizmi haqqında məlumat verib.

Misirin Əl-Şərq Regional Siyasi Araşdırmalar Mərkəzinin direktoru doktor Mustafa Labbad Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın çar Rusiyası və İran imperiyası arasında bölündüyü və bundan sonra ermənilərin məqsədyönlü şəkildə Qafqaza köçürülmə siyasətinin başlandığı haqqında məlumat verərək, Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını qeyd edib.

Qahirə Universitetinin Beynəlxalq əlaqələr üzrə professoru doktor Məcdəh Salah Azərbaycanın ərəb-islam dünyası ilə tarixi əlaqələrindən danışaraq, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqası ilə yaxın əlaqələr qurduğunu bildirib.

Tədbir çərçivəsində ərəb dilində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı faciəsini əks etdirən film nümayiş etdirilib.

Seminarın sonunda səfirliyin və Azərbaycanın Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin iştirakçıları və qalibləri təltif edilib. İnşa müsabiqəsinin qaliblərinin bu il iyul ayında Azərbaycana tanışlıq səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti