Azərbaycan, Bakı, 28 may/Trend/
Vaşinqton ştatının qubernatoru xanım Kristin Qrequar Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə xalqımızı təbrik edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan bildirilib.
"Vaşinqton ştatının qubernatoru kimi mən Azərbaycan Demokratik Respublikasının yaradılmasının 93-cü ildönümünü qeyd edənlərin hamısını təbrik etmək istəyirəm", - təbrikdə deyilir.
Qubernator öz təbrikində qeyd edib ki, Respublika Günü Azərbaycanın zəngin tarixi, o cümlədən ölkənin keçdiyi uzun yol və 1918-ci ildə respublikanın yaradılmasına verilən qurbanlar haqqında fikirləşmək üçün gözəl imkandır.
"İslam dünyasında ilk demokratik ölkə olmaqla Azərbaycan öz irsi ilə fəxr edə bilər", - məlumatda qeyd edilib.
Qrequar vurğulayıb ki, bütün tarix boyunca Azərbaycan xalqı, o cümlədən ABŞ-da sayları artan azərbaycanlılar ədəbiyyat, elm, incəsənət və idmana böyük töhfə verib.
Bundan əvvəl Alyaska, Montana və Nevada ştatlarının qubernatorları Respublika Günü münasibətilə Azərbaycan tərəfinə təbrik məktubu göndəriblər.