Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Türkiyənin Quru Qoşunları Təlim və Doktrina Komandanı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Türkiyənin Quru Qoşunları Təlim və Doktrina Komandanı Saldıray Berk 1996-1998-ci illərdə Bakıda çalışdığı zaman xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük məmnunluq hissi ilə xatırladı. Türkiyəli qonaq ölkəmizə indiki səfərindən ötən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu vurğuladı.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və hərbi sənaye sahələrində uğurla inkişaf etdiyi bildirildi və bu sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.