Azərbaycan, Bakı, 30 may /Trend/
28 may - Respublika Günü münasibətilə Aşqabadda Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən ziyafət verilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Ziyafətdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini və digər rəsmi şəxslər, Türkmənistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, bu ölkənin ictimai və yaradıcılıq birliklərinin üzvləri, Türkmənistanda yaşayan soydaşlarımız, eləcə də ziyalılar, iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ziyafət Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultan-zadə bayram münasibətilə ziyafət iştirakçılarını təbrik edib və 93 il öncə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb. Səfir qeyd olunan cumhuriyyətin varisi olan müasir Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən sonra qazanılmış uğurlar, Azərbaycanda dövlət qurulucuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həlli istiqamətində göstərdiyi yüksək diplomatik fəaliyyəti, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar və Azərbaycanın son iqtisadi inkişaf göstəriciləri haqqında geniş məlumat verib.
Sultan-zadə Azərbaycan xalqı ilə Türkmən xalqı arasında etnik, tarixi, mədəni və dini yaxınlığın mövcudluğunu xatırladaraq, iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ikitərəfli münasibətlərin inkişafına böyük təkan verdiyini bildirib. Səfir İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinə bariz nümunə olduğunu bildirib, bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün hər iki ölkənin yüksək potensiala malik olduğunu vurğulayıb və gələcəkdə ikitərəfli əlaqələrin daha çox inkişaf edəcəyinə əminliyini ifadə edib.
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Qurbanmurad Mezimov Prezident Berdiməhəmmədovun təbriklərini Azərbaycanın dövlət başçısına və bütün Azərbaycan xalqına, eləcə də Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşlarına çatdıraraq, hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.
Ziyafət Azərbaycan, türkmən və dünya klassik musiqisinin sədaları altında davam edib, tədbirin keçirildiyi müddətdə Azərbaycanla bağlı materiallar nümayiş etdirilib.
Dəvət edilmiş qonaqlara Avropa mətbəxi ilə yanaşı Azərbaycanın milli xörəkləri, şirniyyatları və içkiləri təqdim edilib. Ziyafət iştirakçılarına Azərbaycanla bağlı müxtəlif suvenir və ədəbiyyat nümunələri paylanıb.
28 may - Respublika Günü ilə əlaqədar Sultan-zadənin türkmən dilində nəşr edilən "Turkmenistan" və rus dilində nəşr edilən "Neytralnıy Turkmenistan" qəzetlərində "Azərbaycan-Türkmənistan: dostluq, mehriban qonşuluq və çiçəklənmə yolunda" adlı məqaləsi dərc edilib.