...

Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinə Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı məktub göndərib

Siyasət Materials 4 İyul 2011 11:31 (UTC +04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib. Bu barədə Trend-ə Daimi Nümayəndəlikdən məlumat verilib.
Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinə Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı məktub göndərib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir R.Dərəxşan/

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib. Bu barədə Trend-ə Daimi Nümayəndəlikdən məlumat verilib.

Məktubda bu ilin mayında Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının siyahısı göstərilib və atəşkəsin pozulması nəticəsində iki azərbaycanlı hərbi qulluqçunun həlak olması, birinin isə ağır yaralanması barədə məlumat verilib.

Sənəddə bildirilib ki, son aylar ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki vətəndaşlarına və mülki obyektlərinə hücumları aktivləşdirib. Martın 8-də erməni snayperinin açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı uşaq öldürülüb, mayın 26-da Ağdam rayonunun Çıraqlı kəndində mülki əhali Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz atəşə məruz qoyulub, iyunun 3-də isə Ağcabədi rayonunun sakini Elmar Piriyev cəbhə xəttinin yaxınlığında yerləşən Ağdam rayonunun Çəmənli kəndində erməni hərbi qulluqçuları tərəfindən öldürülüb.

"Belə qeyri-insani və haqq qazandırılması mümkün olmayan hərəkətlərlə yanaşı, Ermənistanın rəsmi şəxsləri məsuliyyətsiz bəyanatlarla çıxış edirlər və onların işğal olunmuş ərazilərə təxribatçı səfərləri münaqişənin tezliklə həllinə yönəlmiş beynəlxalq vasitəçilik səylərini açıq şəkildə və bilərəkdən pozur", - sənəddə bildirilir.

Məktubda qeyd edilir ki, mayın 16-da "Moskovskie Novosti" qəzetinə verdiyi müsahibəsində Ermənistan Prezidenti Serj Sarkisyan bir daha bəyan edib ki, Ermənistan tərəfi münaqişənin nizamlanması prosesinə yalnız Azərbaycan ərazilərinin ilhaqı üçün vasitə kimi baxır.

"Ermənistan Prezidentinin baxışları beynəlxalq hüquq prinsiplərinə uyğun gəlmir, münaqişənin nizamlanması kontekstində onların tətbiqi və əhatəsi birmənalı şəkildə sübut edir ki, BMT üzvü olan bu dövlət inadla və köklü şəkildə hamı tərəfindən qəbul edilən beynəlxalq hüquq prinsiplərini rədd edir", - məktubda deyilir.

Məktub BMT Baş Assambleyasında və Təhlüksəziklik Şurasında da yayılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti