...

Azərbaycanda maliyyə hesabatı verməyən siyasi partiyalara qarşı sanksiyalar tətbiq edilə bilər

Siyasət Materials 1 Sentyabr 2011 16:29 (UTC +04:00)
Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulan "Siyasi partiyalar haqqında" qanun layihəsi partiyaların maliyyə hesabatı verməsini tələb edəcək.
Azərbaycanda maliyyə hesabatı verməyən siyasi partiyalara qarşı sanksiyalar tətbiq edilə bilər

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulan "Siyasi partiyalar haqqında" qanun layihəsi partiyaların maliyyə hesabatı verməsini tələb edəcək. Bu barədə cümə axşamı Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, hazırda siyasi partiyaların maliyyə hesabatı verməməsi partiyaların maliyyə mənbələrini gizlətməsi ilə bağlıdır. Mirzəzadə hesab edir ki, bu məsələni hamıya aid etmək olmaz.

"Partiyaların bir qisminin bu gün maliyyə vəziyyəti bərbaddır. Bir qismi fəaliyyətində Bakıdan çıxa bilmir, bir qismi isə sadəcə olaraq maliyyə mənbələrini gizlətməyə çalışır. Böyük ofisləri, böyük aparatları, xarici səfərləri və s. olan partiyalar hesabat vermirlər və bunların bir qayda olaraq dostların köməyi ilə edildiyini deyirlər. Yeni qəbul olunacaq qanunun gücü onda olacaq ki, partiyaya istənilən yardım mütləq partiya kassası vasitəsilə ediləcək və bu, maliyyə hesabatında öz əksini tapacaq. Gələcək qanunda maliyyə hesabatı verməyən partiyalara qarşı sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulmalıdır", - Mirzəzadə əlavə edib.

O hesab edir ki, əgər söhbət maliyyə mənbəyinin gizlədilməsindən gedirsə, burada çirkli pullar var, xaricdən maliyyələşmə var, partiyanın həqiqətən də böyük maliyyə imkanlarına malik olduğunu cəmiyyətdən gizlətmə istəyi var.

"Bəzən müxalifət partiyaları gizlətmirlər ki, xaricdən maliyyələşirlər. Xaricdən maliyyələşən partiyaların Azərbaycanın milli maraqlarını qoruyacağı böyük sual altındadır", - o əlavə edib.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti