Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir M.Əliyev/
"Abşeron" yatağının açılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu kifayət qədər artıra biləcək. Bunu Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, "Abşeron" blokunda böyük qaz ehtiyatlarının kəşf edilməsinin həm iqtisadi, həm də siyasi əhəmiyyəti kifayət qədər böyükdür.
Mirzəzadə qeyd edib ki, bu, Azərbaycanın 20 illik müstəqilliyi ərzində bu günədək olan ən yüksək göstəricilərindən biridir. "Azərbaycan bir tərəfdaş kimi transmilli şirkətlərdə bu gün etimad yaradır və artıq bir dəfə üstündən xətt çəkilmiş bir layihənin üzərinə "Total" kimi nəhəng şirkət yenidən qayıdır", - o deyib.
Millət vəkili qeyd edib ki, bu yatağın açılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu kifayət qədər artıra biləcək.
"Azərbaycanın hər hansı təbii resurslarından istifadə sadəcə olaraq, yeni bir gəlirli sahə deyil, bu, ölkənin iqtisadi qüdrətinin artmasıdır, ölkədə həyata keçirilən sosial layihələrin genişləndirilməsi və dərinləşdirilməsidir, Azərbaycanın beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutmasıdır", - Mirzəzadə bildirib.
Onun sözlərinə görə, "Abşeron" blokunda yeni yatağın kəşfi Azərbaycana yeni texnologiyaların gəlməsinə, yeni iş yerlərinin açılmasına, ölkədə elmin, texnikanın inkişafına böyük bir dəstək olacaq.
Parlamentin komitə sədrinin müavini bildirib ki, Azərbaycanın iqtisadi potensialının artması eyni zamanda regionda sülhün bərqərar olmasına doğru ciddi bir addımdır.
"Bu tip layihələr dünyanın müxtəlif ölkələrində var. Ancaq bir sıra hallarda o ölkələrdə həmin layihələr inkişafa yox, milli problemlərin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasi-iqtisadi kurs bundan sonra da Azərbaycanın "Abşeron" blokunda yeni yatağın açılması kimi uğurları daha da artıracaq", - Mirzəzadə deyib.
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağının kəşf olunmasını açıqlayıb.