Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Konyayeva/
Azərbaycan və İran müxtəlif, o cümlədən mədəni, dini və tarixi sahələrdə əlaqələrin inkişafı üçün böyük potensiala malikdir. Bu barədə İranın müdafiə naziri Əhməd Vahidi Ərdəbil vilayətinə səfəri zamanı bildirib. Trend-in məlumatına görə, xəbəri FARS informasiya agentliyi yayıb.
Vahidi qeyd edib ki, iki ölkənin sərhədlərində təhlükəsizlik və sabitlik Azərbaycan və İran rəhbərliyinin ikitərəfli əlaqələri möhkəmləndirmək istəyindən asılıdır.
O, ölkələr arasında hərbi sahədəki münasibətləri yüksək qiymətləndirib və Bakı ilə Tehran arasında hərbi əməkdaşlığın möhkəmləndiyini qeyd edib.
İran Prezidenti Mahmud Əhmədinejad sentyabrın 14-də İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib.
Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edib.
Səfər zamanı İran Prezidenti qeyd edib ki, Bakı ilə Tehran arasındakı qardaşlıq münasibətlərinə heç bir amil təsir edə bilməz və İran iki ölkənin sərhədyanı rayonları arasında əlaqələrin inkişafında və bütün sərhədyanı ərazilərdə buraxılış məntəqələrinin genişləndirilməsində maraqlıdır.