...

Liviya Milli Keçid Şurası Qəddafi nümayəndəsinin həbsini təkzib edir

Siyasət Materials 1 Oktyabr 2011 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Liviya Milli Keçid Şurasının hərbi rəhbərliyi Müəmmər Qəddafinin rəsmi nümayəndəsi Musa İbrahimin həbs olunmasını təkzib edib. Bu barədə Trend şənbə günü "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Şura bəyan edib ki, İbrahimin həbs olunması ilə bağlı tədbirlər hələ də davam edir, onun ailə üzvləri isə artıq saxlanılıb.

Cümə axşamı Liviyanın Milli Keçid Şurası Sirt şəhəri ətrafında Qəddafinin nümayəndəsi Musa İbrahimin saxlanıldığını elan edib. Bildirilib ki, İbrahim keçid hökuməti qüvvələri tərəfindən mühasirəyə alınmış şəhərdən qaçqın və köçkünlər izdihamında gizlənməyə çalışdığı vaxt tutulub.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti