...

Aydın Mirzəzadə: Avrasiya İttifaqının yaradılması müsbət effekt verə bilər

Siyasət Materials 5 Oktyabr 2011 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Avropa İttifaqına alternativ olaraq Avrasiya İttifaqı yaradılması müsbət effekt verə bilər.

"Avropa İttifaqına alternativ yox, yeni bir qurum yaradıla bilər. Qoy dövlətləri birləşdirən təşkilatlar rəqabət aparmasınlar. Əksinə, onların münasibətlərin yaxşılaşması üçün birgə fəaliyyət göstərmələrinə geniş şərait yaransın. Avropa İttifaqı göründüyü kimi, məhz Avropa məkanında olan dövlətlərin birliyidir və üzv olan hər bir ölkənin maraqlarına xidmət edən struktur yarada bilib", - çərşənbə günü Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə bildirib.

O, hesab edir ki, alternativ qurumların yaradılmasında məqsəd rəqabət aparılmasıdır. Rəqabət isə bir qayda olaraq, nəyisə sıradan çıxarmağı nəzərdə tutur.

"Avropa İttifaqının yaşaması həm regionun, həm də dünyanın marağındadır. Aİ kimi, Avrasiya ittifaqı, Asiya ittifaqı və ya eyni ərazidə yerləşən dövlətlərin birliyi yaradıla bilər", - Mirzəzadə əlavə edib.

Onun sözlərinə görə, yaradılacaq birlikdə "böyük və kiçik qardaş" prinsipi olmamalıdır, dövlətlər eyni hüquqda, eyni səviyyədə həmin qurumda təmsil olunmalıdırlar.

"Yeni birliyin yaranması, dövlətlər arasında diplomatik və hərbi fərqlərin aradan qaldırılması və iqtisadi inkişaf üçün yeni layihələrin nəzərdən keçirilməsi beynəlxalq münasibətlərdə yeni ab-hava yarada bilər. Ancaq birlik heç bir halda dövlətlərin ərazi bütövlüyünə toxunmamalıdır, ona xələl gətirməməlidir", - Mirzəzadə qeyd edib

Millət vəkili hesab edir ki, Azərbaycan həmin birlikdə çox böyük məmnuniyyətlə iştirak edə bilər, lakin Türkiyə kimi, Rusiya da Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz olduğu barədə bəyanat verməli və Ermənistandan işğal altındakı ərazilərdən qoşunlarının çıxarılmasını tələb etməlidir.

"Bu gün beynəlxalq hüquq normalarına riayət edilməsi əməkdaşlığın, qarşılıqlı münasibətlərin əsasında dayanan amildir", - Mirzəzadə vurğulayıb.

Rusiyanın Baş naziri Vladimir Putin keçmiş sovet ölkələri Belarus və Qazaxıstanla "Avrasiya İttifaqı" adlı birlik yaradılmasını təklif edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, Avropa İttifaqına (Aİ) alternativ olaraq, Avrasiya dövlətlərinin iqtisadi birliyi yaradılmalıdır. Avrasiyada qarşılıqlı inam, iqtisadi əməkdaşlığın effektivliyinin artırılmasına əsaslanan dialoqun qurulması vacibdir. Şərqlə Avrasiyanın qərbi yenidən birləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti