Qazaxıstan, Astana, 19 oktyabr /Trend, müxbir A.Maratov/
Azərbaycan Prezidenti İlham Əliyev Almatıya rəsmi səfərə gəlib. Bunu çərşənbə günü Trend-ə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri İlyas Ömərov deyib.
Oktyabrın 19-20-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Almatıya rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Altay Həbibullayev Astanadakı brifinqdə bildirmişdi.
"Dövlət başçılarının iştirakı ilə kiçik və geniş tərkibdə ikitərəfli danışıqların aparılması, eləcə də Qazaxıstan və Azərbaycan prezidentlərinin Birgə Bəyannaməsinin, bir sıra ikitərəfli hökumətlərarası sazişlərin, eləcə də Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramının imzalanması planlaşdırılıb", - Həbibullayev deyib.
İlham Əliyevin Qazaxıstana səfəri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I sammiti ərəfəsində baş tutacaq.
Oktyabrın 20-21-də Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə rəhbərlərinin iştirakı ilə Almatıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I sammiti keçiriləcək.