...

Macarıstan Prezidenti Heydər Əliyev Fondunda olub (FOTO)

Siyasət Materials 11 Noyabr 2011 19:10 (UTC +04:00)
Cümə günü Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Prezidenti Pal Şmitt Heydər Əliyev Fondunu ziyarət edib.
Macarıstan Prezidenti Heydər Əliyev Fondunda olub (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Cümə günü Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Prezidenti Pal Şmitt Heydər Əliyev Fondunu ziyarət edib.

Macarıstanın dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Macarıstan Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Fondla tanışlıq zamanı Prezident Pal Şmittə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxşiş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.

Prezident Pal Şmitt Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Macarıstan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti